Sumqayıt şəhər İcra hakimiyyəti yanında məişət zorakılığına qarşı monitorinq qrupunun bütün iclaslarında qonaq qismində iştirak edən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva monitorinq qrupunun üzvü təyin edilib.
QHT.az xəbər verir ki, Zenfira Mustafayeva bu gün aldığı məktuba, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamına əsasən göstərilən bu etimada görə şəhər İcra hakimiyyətinin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Məlumat üçün bildirək ki, qadınlara qarşı zorakılığın və məişət zorakılığının qlobal miqyasda yayılması dövlətlərin yerlərdə qanunla təmin olunan və faktiki bərabərliyə nail olmaq səylərinə ciddi çətinliklər yaratmaqda davam edir. Qadınlara qarşı zorakılıq və məişət zorakılığı qadınların malik olduğu insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir və qalıcı xarakterdə olduğunu nəzərəçarpacaq dərəcədə sübut etmişdir. Qadınlara qarşı zorakılıq və məişət zorakılığı irqindən, yaşından, coğrafi və fiziki xüsusiyyətlərindən, iqtisadi, mədəni və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün qadınlara təsir edir. Dəlillər göstərir ki, qadınlara qarşı zorakılıq gender bərabərsizliyinin nəticəsidir.
Pərvanə Fərhadqızı












