"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova işğaldan azad edilən ərazilərin canlanması və Böyük Qayıdış prosesində gənclərin iştirakının xüsusi önəm daşıdığını bildirib.

İctimai Birlik sədri QHT.az -a açıqlamasında bildirib ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Böyük Qayıdış Gənclər Təşkilatı çərçivəsində gənclər Şuşa, Laçın, Zəngilan və Ağdam könüllüləri kimi müxtəlif birliklər formalaşdıraraq bölgələrin inkişafında aktiv rol oynayırlar. Bu könüllülər tərəfindən işğaldan azad edilmiş ərazilərdə ağacəkmə aksiyaları, gənclər üçün təlimlər, düşərgələr, görüşlər və müxtəlif sosial layihələr həyata keçirilir.

"Torpaqların azad edilməsindən sonra həmin ərazilərdə bir neçə dəfə genişmiqyaslı tədbirlər və gənclər düşərgələri təşkil olunub. Bu prosesdə gənclərin iştirakı daha da artırılmalıdır, çünki həmin bölgələrə həyatın qayıtmasında gənclərin rolu danılmazdır. Gənclər hər bir cəmiyyətin əsas hərəkətverici qüvvəsidir və onların işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti bölgələrin gələcək inkişafına mühüm töhfə verir.” 

 

Pəravnə Fərhadqızı