Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Beynəlxalq Həkimlər Günü münasibətilə QHT.az-a açıqlama verib.

İlqar Hüseynli bildirib ki, hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və əməkdaşlıq rəmzi olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatının birgə təşəbbüsüdür:

“Hər il tibb personalının yüz minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə və fövqəladə vəziyyətlərdə insanlara tibbi yardım göstərirlər. Müharibə şəraitində, çətin və təhlükəli şəraitdə çalışan həkimlər heç bir fərq və ayrı-seçkilik qoymadan insanlara kömək edirlər. Bu günün xüsusi olaraq qeyd edilməsi cəmiyyətdə bu peşə sahiblərinin nüfuzunu artırır, özünə inam hissini gücləndirir və həkim-pasiyent münasibətlərində qarşılıqlı etimadın formalaşmasına şərait yaradır,” – deyə birlik sədri qeyd edib.

QHT sədri sonda səhiyyə xidməti yerinə yetirən bütün həkimləri bu əlamətdar gün münasibətilə təbrik edib və onların fədakar fəaliyyətinə görə təşəkkürünü ifadə edib.

 

Pərvanə Fərhaqızı