“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlı regionlarda vətəndaşların yerli problemlərin həllində daha aktiv iştirakının vacibliyindən danışıb.

QHT.az-a açıqlamasında Səadət Bənənyarlı bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı üçün ilk növbədə insanların öz sorğularına aydın və əsaslandırılmış cavab ala bilməsi təmin edilməlidir:

“Regionlarda vətəndaşların yerli problemlərdə daha aktiv iştirakını təmin etmək üçün ilk növbədə vətəndaş aktivliyinə nail olunmalıdır. Çox önəmlidir ki, vətəndaş öz sorğularına onu təmin edən cavab alsın. İctimai Şuraların fəaliyyətinin genişləndirilməsi bu prosesə mühüm töhfə verə bilər. İctimai Şuralar ictimai nəzarəti həyata keçirir və yaxşı olardı ki, paralel olaraq vətəndaş müraciətlərinin icrasına da nəzarət funksiyasını yerinə yetirsinlər.”

Səadət Bənənyarlı hesab edir ki, vətəndaşlarla dövlət strukturları arasında körpü rolunu oynayan bu qurumlar əhalinin məlumatlandırılması və maarifləndirilməsi işini daha da gücləndirməlidir:

“İctimai Şuralar əhaliyə lazımi bilgilər verməklə, maarifləndirici tədbirlər keçirməklə, qaynar xəttlər yaradaraq və sorğular təşkil etməklə problemlərin həlli yollarını araşdıra bilər. Bütün bunlar vətəndaş aktivliyinin artmasına mühüm təkan verər.”

 

Pərvanə Fərhadqızı