“"Vaqner" özəl hərbi şirkətinin Liviyada, Suriyada, son bir ildə Ukraydakı qanlı hərəkətləri unudulmayıb. Rusiya rəhbərliyinin dəstəyi ilə yaradılmış bu hərbi qurum adıçəkilən ölkənin mahiyyətini ortaya qoyub. Bu isə onu göstərir ki, hüquq dövləti olmayan ölkələrdə belə çevrilişlərə cəhd, qanlı gedişlər, işğalçılıq, separatizmə dəstək əsas hədəflər sırasındadır”. – bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib.
İctimai xadim bildirib ki, istər Priqojinin, istərsə də Rusiya hökümətinin hərəkətlərinə əhali kütləsi seyrçi mövqeydə dayanıb, hər ikisinin hərəkətləri, geniş anlamda hüquqa zidd əməlləri xalq kütlələrini məmnun etmədiyi ortadadır: “Rusiya kimi dövlətlərdə belə halların baş verməsi gözləniləndir. Separatizm toxumu əkməklə, təhdid etməklə deyil, yalnız dünyanın hüquq sisteminin qəbul etdiyi prinsiplərlə qonşu dövlətlərlə əməkdaşlıq etmək mümkün olur. Əks təqdirdə bumeranq effekti verir. Əkdiyin kin-küdurət, separatizm günlərin bir günü sənin öz qarşına çıxır. Separatizm toxumu əkməyin, qonşu ölkələri təhdid etməyin son aqibəti belə olur”. – deyə bildirib.
Pərvanə Fərhadqızı












