30 iyul- Ümumdünya insan alverinə qarşı mübarizə günü ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreş dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

QHT.az xəbər verir ki, müraciətdə deyilir ki, insan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Antonio Quterreş münaqişə və qeyri-sabitlik zamanı genişlənən insan alverinin qurbanları zəif təbəqədən olan insanlar olduğunu vurğulayır: "Artan bərabərsizliklər, pisləşən iqlim fəlakətləri və əhalinin yerdəyişməsində qeydə alınan rekord rəqəmlər fonunda insan alverçilərinin hədəfinə düşənlərin sayı daha da artır. Qurbanların əksəriyyəti qadın və uşaqlardır. Onların çoxu qəddar zorakılığa, məcburi əməyə, dəhşətli cinsi istismara və sui-istifadəyə məruz qalır. İnsan alverçiləri cəzasız qalaraq fəaliyyətlərini davam etdirirlər. İnsanları əşya kimi satan cinayətkarların məhkəmə qarşısında cavab verməsi üçün hüquq-mühafizə orqanlarını gücləndirməliyik. Biz həmçinin insan alveri qurbanlarının həyatlarını yenidən qurmaları üçün daha çox iş görməliyik".

BMT-nin baş katibi bu gündə insan alveri qurbanlarını aşkar etmək, qorumaq və dəstəkləmək üçün səylərimizi ikiqat artıraq və heç bir insan alveri qurbanını diqqətdən kənarda qoymamağa çağırıb: "Birlikdə heç kimin satılıb-alınmadığı və istismar edilmədiyi bir dünya quraq".

 

Pərvanə Fərhdqızı