Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı Vətən müharibəsinin səkkizinci günü - 4 oktyabrla bağlı xatirələrini bölüşür. Şahin Rəhmanlı həmin günləri xatırlayaraq bildirib:

"Düzü, 6 il keçdiyini deyəndə heç də inandırıcı gəlmir. Çünki elə hadisələr var ki, onların üzərindən nə qədər zaman keçsə də, insana sanki dünən baş vermiş kimi gəlir və heç vaxt yaddaşdan silinmir. Vətən müharibəsinin başladığı gün mənim üçün məhz belə günlərdən biridir və ilk sırada dayanır.

Çünki 26 sentyabr mənim doğum günümdür və həmin gün axşamdan artıq müharibənin başlayacağı torpaqlarda idim. Həsrətlə Qarabağ torpaqlarına baxırdıq, amma müharibənin başlayacağından xəbərsiz idik. Əks-hücum əmri veriləndə isə böyük sevinc hissi ilə müharibəyə başladıq.

Xalqımızın birliyi və əsgərlərimizin ruh yüksəkliyi hər an hiss olunurdu. Müharibənin səkkizinci günü — 4 oktyabr tarixində Cəbrayılın işğaldan azad olunması xəbəri yaddaşımızda xüsusi bir hiss kimi qalıb. Çünki həmin xəbəri həm radiodan eşitdik, həm də müharibənin içində, Cəbrayılın girişində idik.

İllər ərzində məktəbdə və universitetdə oxuyarkən xəritədə həsrətlə baxdığımız torpaqlara bu dəfə özümüz qədəm qoyurduq. Bu, həm ağrılı, həm də ifadəsi mümkün olmayan bir sevinc hissi idi. Çünki orada həm şəhidlər vermişdik, həm də torpaqlarımızın geri qaytarılması, işğaldan azad olunması, 30 illik həsrətə son qoyulması və düşməndən qisas alınması hissləri bir-birinə qarışmışdı.

Xalqımızın birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı. Bu gün anım və müharibə günlərini qeyd edərkən, eyni zamanda, həmin birliyi də yad edirik. Bu gün torpaqlarımıza qayıdış prosesi gedir və həmin ərazilərdə qısa müddət ərzində canlanma yaranır.

Əgər müharibə zamanı bir əsgər idimsə, bu gün suveren və müstəqil Azərbaycanın vətəndaş cəmiyyətinin bir üzvü kimi yenə də Vətən üçün çalışıram. Gənclərimizə də tövsiyə edirik ki, Azərbaycanın birliyini qorusunlar".