Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında "Bakı Politoloqlar Klubu" İctimai Birliyinin sədri Zaur Məmmədov Vətən müharibəsinin səkkizinci günü - 4 oktyabrla bağlı xatirələrini bölüşür. Şahin Rəhmanlı həmin günləri xatırlayaraq bildirib:
"5 oktyabr səhər saatlarından etibarən Ağcabədi, Göygöl, Tərtər, Gəncə, Bərdə, Beyləqan kimi müxtəlif şəhər və rayonlar atəşə məruz qalırdı. Döyüş bölgəsindən uzaqda yerləşən həmin şəhər və rayonların atəşə tutulmasında məqsəd azərbaycanlılarda psixoloji qorxu yaratmaq və bununla da müharibədə psixoloji üstünlük əldə etmək idi. Lakin Azərbaycan xalqı cəsur və mətin idi. Təbii ki, bu cür hücumlar heç kəsi qorxutmurdu.
Müharibənin ilk günlərində Azərbaycanın belə irəliləyişlər əldə edərək qələbə qazanacağını güman etməyən bəzi ermənipərəst beynəlxalq dairələr sentyabrın sonlarında susurdularsa, oktyabrın əvvəllərindən etibarən ciddi narahatlıq keçirməyə başladılar. Çünki onlar bir-bir Azərbaycan şəhər və rayonlarının, o cümlədən işğal altında olan ərazilərin azad edilməsi ilə bağlı xəbərlər eşidirdilər. Təbii ki, yaxın zamanda Azərbaycan xalqı böyük qələbəsini qeyd edəcəkdi.
Üç əsrə yaxın müddətdə Azərbaycana qarşı səfərbər olmuş qüvvələrin məğlubiyyəti artıq yaxınlaşırdı. Beləliklə, Cənubi Qafqazda geosiyasi konfiqurasiya dəyişəcək, mərkəzində Azərbaycanın dayandığı yeni beynəlxalq və regional münasibətlər sisteminin əsası qoyulacaqdı. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyinin tam təmin olunması istiqamətində mühüm mərhələ başlanacaqdı.
Bu qələbə Azərbaycan xalqı üçün son dərəcə vacib idi. Sonrakı hadisələr də bir daha göstərdi ki, 2020-ci ilin sentyabr ayının sonunda başlayan müharibə Azərbaycan tarixində böyük hərflərlə yazılacaq və ölkəmizin minilliklərlə ölçülən tarixinin ən mühüm səhifələrindən biri kimi qalacaqdır".












