Ötən ilin yay aylarında quraqlıq və yüksək temperaturla mübarizə aparan Avropa bu il də tarixin ən isti qışlarından birini yaşayır.
QHT.az xəbər verir ki, 2023-cü ilin ilk üç günündə aparılan hesablamalara görə, bir çox Avropa ölkəsində yanvar ayı istilik rekordu qırılıb. Polşanın paytaxtı Varşavada temperatur 18,9, İspaniyanın Bilbao şəhərində isə 25,1 dərəcə olub. Bu ölçülər mövsümi orta göstəricilərdən 10 dərəcə yuxarı olduğunu göstərir.
Yanvar ayı temperatur rekordları Hollandiya, Lixtenşteyn, Litva, Latviya, Çexiya, Danimarka və Belarusda da yenilənib. Almaniya, Fransa və Ukraynada aparılan ölçmələrdə regional əsasda rekord temperatur müşahidə olunub.
Əvvəllər regional rekord temperatur qeydə alınsa da, mövsümi normaları 10 dərəcə aşan hava şəraiti Avropanın bəzi bölgələrində qeyri-adi qışa səbəb olur. Yanvar ayında yaz havasının yaşandığı Avropada istilər İsveçrə və Fransadakı xizək kurortlarına da təsir edib. Bildirilib ki, qar kifayət qədər yağmadığı üçün bəzi məkanlar bağlanıb.
İlin ilk günündə İsveçrə Alp dağlarının şimalında yerləşən Jura kantonunun Delemont qəsəbəsində 20,9 dərəcə istilik yanvar ayında bölgədə qeydə alınan ən yüksək temperatur olub. Keçən il son 500 ilin ən isti yayını keçirən Avropada isti dalğasının qış aylarında bu qədər təsirli olmasının səbəbi kimi mütəxəssislər iqlim dəyişikliyini göstərir.












