Azərbaycanın son 15 ildə 140-dan çox ölkəyə beynəlxalq yardım göstərməsi ölkənin humanitar diplomatiyasının geniş coğrafiyaya yayıldığını və beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verdiyini göstərir.

Bunu deputat Azər Allahverənov QHT.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, humanitar diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunun və reputasiyasının formalaşmasına təsir edən əsas amillərdən biridir:

“İstənilən ölkənin beynəlxalq nüfuzu siyasi və iqtisadi uğurlarla yanaşı, humanitar diplomatiya sahəsində həyata keçirdiyi fəaliyyətin də təsiri altında formalaşır. Xüsusilə beynəlxalq müstəvidə həyata keçirilən humanitar layihələr ölkənin humanist dəyərlərə sadiqliyini və bəşəriyyət üçün həssas mövzulara münasibətini nümayiş etdirir”.

Azər Allahverənovun sözlərinə görə, Azərbaycanın humanitar fəaliyyəti mədəniyyət, təhsil və sosial sahələri də əhatə edir. O qeyd edib ki, müxtəlif ölkələrdə məktəblərin inşası, muzeylərin və onların arxivlərinin bərpası istiqamətində layihələr həyata keçirilib.

Deputat bu baxımdan Luvr və Vatikan kimi nümunələri xüsusi qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilib və Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfəni nümayiş etdirib.

A.Allahverənov Heydər Əliyev Fondunun fəaliyyətinə də diqqət çəkib. O bildirib ki, Fond yarandığı vaxtdan müxtəlif ölkələrdə çoxsaylı beynəlxalq humanitar layihələr həyata keçirib:

“Heydər Əliyev Fondunun ölkəmizin humanitar diplomatiya sahəsində həyata keçirdiyi siyasətdə misilsiz xidmətləri var. Fondun bu istiqamətdə fəaliyyəti dünyanın mötəbər təşkilatları tərəfindən yüksək qiymətləndirilib”.

Deputat hesab edir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe və qazandığı nüfuzun formalaşmasında humanitar diplomatiya sahəsində əldə olunan uğurların da mühüm rolu var.

O, bu fəaliyyətin davam etdirilməsinin və coğrafiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. A.Allahverənovun sözlərinə görə, Azərbaycanın çoxvektorlu xarici siyasət prinsipləri humanitar diplomatiya sahəsində də özünü göstərir və bu, ölkənin orta gücə malik dövlət kimi beynəlxalq sistemdə mövqeyinin möhkəmlənməsinə təsir edən amillərdən biridir.