Mercedes-AMG ultra-eksklüziv Mythos seriyasının ikinci modeli olan CLE 646 Special Edition-u təqdim edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, alnız 30 ədəd istehsal olunacaq avtomobil standart CLE 53 bazasında hazırlanıb. Maksimum sürüş dinamikasına fokuslanan modeldə AMG Performance 4MATIC+ tam ötürücü sistemi çıxarılıb və güc yalnız arxa təkərlərə ötürülür.
Avtomobil karbon lifindən hazırlanmış kapot, qanadlar və dam, həmçinin polikarbonat arxa şüşələr sayəsində standart versiyadan 170 kiloqram daha yüngüldür. Onun çəkisi 1 895 kiloqram təşkil edir. Arxa oturacaqlar və bəzi komfort elementləri çıxarılıb, salonda isə karbon yarış oturacaqları, təhlükəsizlik karkası və 6 nöqtəli yarış kəmərləri yerləşdirilib.
Model 4,0 litrlik V8 Biturbo mühərriklə təchiz olunub. Mühərrik 646 at gücü və 850 Nm fırlanma anı hasil edir. Avtomobil 0-dan 100 km/saat sürətə 3,9 saniyəyə, 200 km/saata isə 11,4 saniyəyə çatır. Maksimal sürəti 310 km/saatdır.
Mercedes-AMG CLE 646 Special Edition-un bütün 30 nüsxəsinin təqdimatdan əvvəl satıldığı bildirilir.






