Polşanın paytaxtı Varşavada təxminən 30 robot süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsirinə diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirib.
Humanoid robotların da iştirak etdiyi aksiya Polşa Rəqəmsal İşlər Nazirliyinin qarşısında baş tutub. Robotlar əllərində Polşa bayraqları ilə “Tənzimləmə istəyirik, qaydalar istəyirik, qanunlar istəyirik” və “Gözləməyin, iş yerlərini qoruyun” kimi şüarlar səsləndiriblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, aksiya iştirakçıları süni intellekt və robot texnologiyalarının sürətlə yayılması fonunda işçilərin hüquqlarının qorunması və avtomatlaşdırma prosesinin daha sərt qaydalarla tənzimlənməsini tələb ediblər.
Tədbirin təşkilatçıları bildiriblər ki, avtomatlaşdırma bəzi sahələrdə yeni iş imkanları yaratsa da, bir sıra peşələrin yox olmasına və insanların yenidən ixtisaslaşmasına ehtiyac yarada bilər. Bu səbəbdən işçilərin gələcək dəyişikliklərə hazırlanması və yenidən təlim proqramlarının yaradılması vacibdir.
Robotların nümayişinin arxasında tədbirlər üçün robotlar icarəyə verən “Delta Robots” şirkətinin dayandığı bildirilir. Təşəbbüsün əsas məqsədi avtomatlaşdırmanın əmək bazarına təsiri daha da artmazdan əvvəl ictimai müzakirəyə başlamaq və müvafiq hüquqi çərçivənin yaradılmasına diqqət çəkməkdir












