LG şirkəti smart televizorlarının istifadəçiləri gizli şəkildə dinləməsi və səs yazması ilə bağlı iddiaları təkzib edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət televizorların gözləmə rejimində “Hi LG” səsli əmrini gözlədiyini, lakin bu müddətdə evdəki söhbətləri qeyd etmədiyini açıqlayıb.

LG bildirib ki, səs məlumatları yalnız pultdakı səs düyməsi basıldıqda və ya istifadəçi tərəfindən aktivləşdirilən uzaq məsafədən səs tanıma funksiyası çərçivəsində “Hi LG” ifadəsi aşkarlandıqda emal olunur. Bu funksiya aktiv edilmədiyi halda televizorların ətrafdakı danışığı qeydə almadığı və serverlərə göndərmədiyi vurğulanıb.

Şirkət eyni zamanda smart televizorların yerli şəbəkədəki telefon, printer və digər cihazları skan edə bildiyini təsdiqləyib. LG bunun smart TV və digər ağıllı ev cihazlarında geniş istifadə olunan standart funksiya olduğunu bildirib.

Şirkət həmçinin Avtomatik Məzmun Tanıma (ACR) funksiyasının könüllü olduğunu və fərdiləşdirilmiş məzmun, xidmət və reklam təklifləri üçün istifadə edildiyini açıqlayıb.

Mübahisə “Gamers Nexus” tərəfindən aparılan araşdırmadan sonra yaranıb. Araşdırmada LG televizorlarının istifadəçi məlumatlarını toplaması, yerli şəbəkələri skan etməsi və gözləmə rejimində mikrofon vasitəsilə səs qəbul etməsi ilə bağlı iddialar irəli sürülüb.