Azərbaycanda təxminən 5 milyon 150 min nəfər məşğul əhali olduğu halda, onların yalnız 1 milyon 781 minə yaxını muzdlu əmək fəaliyyətinə cəlb olunub. Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov QHT.az-a açıqlamasında əmək bazarındakı mövcud vəziyyəti və məşğulluq göstəricilərinin xüsusiyyətlərini dəyərləndirib.
Ekspert bildirib ki, ümumi məşğul əhalinin təxminən üçdə biri muzdla işləyənlərdir. Qalan hissəyə isə qeyri-formal əmək bazarının iştirakçıları və özünüməşğul şəxslər daxildir.
S.Məmmədovun sözlərinə görə, bəzi qurumlarda əmək müqavilələrinin elektron sistemdə qeydə alınmaması da nəzərə alınmalıdır. Bu baxımdan faktiki muzdlu çalışanların sayının statistik göstəricidən müəyyən qədər fərqlənməsi mümkündür.
“Ümumiyyətlə, götürəndə ümumi məşğul əhalinin təxminən üçdə biri muzdla işləyənlərdir. Qalanlar qeyri-formal əmək bazarının iştirakçılarıdır və ya özünüməşğul insanlardır. Onların bir çoxu uçota durub VÖEN alıb. Lakin bu şəxslərin çoxunun kimin, harada və hansı həcmdə məşğul olduğu tam dəqiq bilinmir”, – deyə ekspert qeyd edib.
O bildirib ki, xüsusilə kənd təsərrüfatı sahəsində çalışanların məşğulluğunun statistik uçotu müəyyən çətinliklər yaradır. Belə ki, həmin şəxslərin bir hissəsi mövsümi işləyir və ilboyu əmək fəaliyyəti ilə məşğul olmur.
Ekspert əmək bazarında dinamikanın olduğunu da vurğulayıb. Onun sözlərinə görə, cari ilin rəsmi göstəricilərinə əsasən, Azərbaycanda 52 mindən çox yeni iş yeri yaradılıb.
“Əmək bazarına hər il təxminən 100 min şəxs daxil olur. Təxminən 40-50 min nəfər isə əmək bazarını tərk edir, əmək pensiyasına gedir və digər səbəblərdən fəaliyyətini dayandırır. Ona görə də əmək bazarında müəyyən gərginlik qalır”, – Sahib Məmmədov deyib.
Ekspert əlavə edib ki, bu baxımdan aktiv məşğulluq proqramlarının həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, özünüməşğulluq, peşə yönümünün artırılması və digər aktiv məşğulluq proqramları əmək bazarına yeni daxil olan şəxslərin məşğulluğunun təmin edilməsinə xidmət edir.
S.Məmmədov Qarabağda məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən proqramlara da diqqət çəkib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması və insanların əmək bazarına cəlb edilməsi istiqamətində müxtəlif layihə və proqramların icrası davam etdirilir.












