Beynəlxalq humanitar yardım sistemində maliyyə böhranı dərinləşir. ALNAP-ın yeni hesabatına görə, 2025-ci ildə əvvəlki illərlə müqayisədə 64 milyon daha az insan humanitar yardım alıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, hesabata əsasən, 2022–2025-ci illər arasında humanitar yardıma ayrılan vəsait 30 faiz azalaraq 47,5 milyard dollardan 33,3 milyard dollara düşüb. Maliyyə çatışmazlığı humanitar QHT-lərin fəaliyyətinə, əməkdaşların sayına və uzunmüddətli layihələrə ciddi təsir göstərib.
Maliyyənin azalması fonunda yardım təşkilatları fəaliyyətlərini əsasən həyati təhlükə ilə üzləşən insanların təcili ehtiyaclarına yönəldiblər. Bununla yanaşı, insanların böhrandan sonra bərpasına, gəlir imkanlarının yaradılmasına və uzunmüddətli dəstəyə hesablanan proqramlar əhəmiyyətli dərəcədə azaldılıb.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə humanitar sektorda çalışanların 23 faizə qədərinin işini itirdiyi təxmin edilir. Xüsusilə qadınlar, uşaqlar, yaşlılar və məcburi köçkünlər yardımın azalmasından daha çox zərər çəkən qruplar sırasında göstərilir.
Ekspertlər bildirirlər ki, humanitar ehtiyacların artdığı bir vaxtda maliyyənin azalması yardım sisteminin daha kiçik və seçici hala gəlməsinə səbəb olur. Bu vəziyyət milyonlarla insanın əsas səhiyyə, ərzaq, su və müdafiə xidmətlərinə çıxışını çətinləşdirir.






