23 sentyabr – Beynəlxalq Jest Dilləri Günü münasibətilə Eşitmə Və Nitq Mehdudiyyetli Şəxslərə Sosial Yardım İctimai Birliyi“nin Azərbaycan Deflimpiya Komitəsi ilə birgə əməkdaşlığı, TƏBİB və Yeni Klinikanın təşəbbüsü ilə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün xüsusi maarifləndirici təlim keçirilib.

Yeni Klinikada təşkil olunan təlim “Ürək-ağciyər reanimasiyası və AXD-nin istifadəsi” mövzusuna həsr olunub.

Təlimin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin fövqəladə hallar zamanı ilkin müdaxilə, ürək-ağciyər reanimasiyasının həyata keçirilməsi və avtomatik xarici defibrilyatordan (AXD) düzgün istifadə üzrə praktiki bilik və bacarıqlarının artırılması olub.

Təlimdə Azərbaycan Respublikası Deflimpiya Komitəsinin və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Təlimin eşitmə və nitq məhdudiyyətli iştirakçılar üçün əlçatanlığının təmin olunması məqsədilə İşarət dili tərcüməçisinin iştirakı da təmin edilib.

Bu təşəbbüs eşitmə və nitq məhdudiyyətli şəxslərin səhiyyə və təcili tibbi yardım sahəsində məlumatlılığının artırılması, fövqəladə vəziyyətlərdə özlərinin və ətrafındakı insanların həyatının xilas edilməsinə yönəlmiş ilkin müdaxilə bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi inklüziv və əlçatan səhiyyə xidmətlərinin təşviqi istiqamətində göstərdikləri dəstəyə görə TƏBİB-ə və Yeni Klinikaya, həmçinin əməkdaşlığa görə Azərbaycan Respublikası Deflimpiya Komitəsinə təşəkkürünü bildirir.