Xərçəngin erkən aşkarlanması üçün qan testləri son illərdə diqqət çəkir. Lakin mütəxəssislər bu testlərin nəticələrinin ənənəvi müayinələri əvəz etmədiyini bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, hazırda süd vəzi, uşaqlıq boynu, yoğun bağırsaq, ağciyər və prostat xərçəngi üçün tövsiyə olunan skrininq üsulları mövcuddur. Digər bir çox xərçəng növü üçün isə geniş şəkildə tövsiyə edilən skrininq testi yoxdur.
Maye biopsiya kimi tanınan qan testlərindən biri olan “Galleri” müxtəlif xərçəng növlərinin əlamətlərini aşkar etməyə çalışır. Arizona ştatında yanğınsöndürənlər üzərində aparılan müşahidələr isə testin mənfi nəticəsinin insanlarda yanlış təhlükəsizlik hissi yarada biləcəyini göstərib.
Belə ki, təxminən 10 min yanğınsöndürən üzərində aparılan testlər nəticəsində çox az sayda xərçəng aşkarlanıb. Lakin sonradan həmin şəxslər ənənəvi skrininqlərə qayıtdıqda 15 nəfərdə xərçəng müəyyən edilib.
Mütəxəssislər vurğulayırlar ki, qan testinin mənfi nəticəsi orqanizmdə xərçəng olmadığı anlamına gəlmir. Buna görə də belə testlərdən sonra kolonoskopiya, mammoqrafiya və digər tövsiyə olunan müayinələrdən imtina etmək düzgün deyil.
Müsbət nəticə isə əlavə müayinələrə, biopsiyaya və bəzən müalicəyə ehtiyac yarada bilər. Həmçinin bəzi yavaş inkişaf edən şişlər insanın həyatı boyu ciddi problem yaratmaya bilər.
Bu səbəbdən yeni qan testləri ümidverici olsa da, onların ənənəvi xərçəng skrininqlərini əvəz edib-etməyəcəyi hələ də araşdırılır.
Zəhra Mansırova












