"Əfv sərəncamı Prezidentin humanizm prinsiplərinə sadiqliyini göstərir”

Prezident İlham Əliyev sentyabrın 23-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam 20 məhkumun cəzasına şamil olunub. Onlardan 19-u azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sərəncamda qərarın məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri, cəza müddəti və cəza çəkdikləri dövrdə davranışları nəzərə alınmaqla, humanizm prinsiplərinə əsaslanaraq qəbul edildiyi bildirilir. Bu, Prezident İlham Əliyevin prezidentliyi dövründə 40-cı əfv sərəncamıdır. 2025-ci ilin may-iyun aylarında Milli Məclisin nəşrində verilən statistikaya əsasən, həmin tarixədə İlham Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanmış və bu sərəncamlar 10 mindən çox şəxsi əhatə etmişdi. Yeni sərəncam həmin ardıcıllığın davamıdır.

QHT.az xəbər verir ki, son əfv sərəncamının hüquqi mahiyyəti, əvvəlki əfv aktlarından fərqi, 20 nəfərlə məhdudlaşmasının əhəmiyyəti və belə qərarların humanist xarakteri barədə Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Hafta.az-ın suallarını cavablandırıb.

– İlk olaraq əfv sərəncamlarının hüquqi mahiyyəti barədə danışaq. Müxtəlif illərdə qəbul edilən əfv sərəncamları arasında hansı fərqlər ola bilər və onların əhatə dairəsi nədən asılıdır?

– Əfv sərəncamları hüquqi mahiyyətinə görə eyni olsa da, əhatə etdiyi şəxslərin sayı, cəza növləri, tətbiq olunan güzəştlərin həcmi və qəbul edildiyi ictimai-siyasi şərait baxımından bir-birindən fərqlənə bilər. Əfv sərəncamlarının tarixinə nəzər saldıqda bəzi sərəncamlarla yüzlərlə şəxsin azadlığa buraxıldığını görmək mümkündür. Müəyyən bayramlar və ya əlamətdar tarixlərlə əlaqədar genişmiqyaslı əfv sərəncamları tətbiq olunur. Amma elə əfv sərəncamları da var ki, daha məhdud və konkret xarakter daşıyır. Hətta bir-iki nəfərin əfv olunduğu sərəncamları da xatırlaya bilərik. Burada əsas məsələ əfv sərəncamının neçə nəfəri əhatə etməsi deyil. Əsas məsələ konkret şəxslərlə bağlı qərarın qəbul edilməsi və həmin şəxslərin vəziyyətinin fərdi şəkildə nəzərə alınmasıdır. Bir sərəncamla məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilir, başqa bir halda cəza müddəti azaldıla bilər və yaxud şəxs müəyyən cəza növündən azad oluna bilər. Yəni əfv sərəncamlarının tətbiq formaları da müxtəlif ola bilər.

Əlbəttə ki, əfv ilə amnistiyanı da bir-birindən fərqləndirmək lazımdır. Bunlar bir-birindən fərqli hüquqi institutlardır. Amnistiya müəyyən kateqoriyalara aid şəxslərə tətbiq edilir, əfv isə adları ayrıca göstərilən şəxslərə şamil olunur və ya fərdi müraciətlər əsasında cənab Prezident tərəfindən qəbul edilir.

– Son əfv sərəncamı 20 nəfəri əhatə edir. Bu rəqəm əvvəlki daha genişmiqyaslı əfv sərəncamları ilə müqayisədə necə xarakterizə olunur? 20 nəfərlə məhdudlaşan belə bir qərarın hüquqi və ictimai əhəmiyyəti nədən ibarətdir?

– Bugünkü sərəncam 20 nəfəri əhatə edir. Onlardan 19-u azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad olunub. Bu əfv sərəncamında ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər də əfv olunublar.
Doğrudur, say baxımından daha genişmiqyaslı əfv sərəncamları olub. Amma bu, heç bir halda qərarın əhəmiyyətini azaltmır. Əksinə, sərəncamın daha konkret və fərdi xarakter daşıdığını göstərir. Əfv sərəncamlarının hər birinin özünəməxsus xüsusiyyətləri olur. Bir sərəncam daha çox sayda şəxsi əhatə edə bilər, digəri isə daha məhdud sayda məhkumla bağlı ola bilər. Burada əsas məsələ həmin qərarın konkret şəxslərin vəziyyəti nəzərə alınmaqla qəbul edilməsidir.
Son sərəncamda da məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri, cəza müddəti və cəza çəkdikləri dövrdə davranışlarının nəzərə alındığı qeyd olunur. Bu baxımdan sərəncamın daha konkret və fərdi xarakter daşıması diqqət çəkən məqamlardan biridir.

– Sərəncamın sentyabrın 23-də, hər hansı bayram və ya əlamətdar tarix ərəfəsində deyil, məhz bu vaxt imzalanmasını necə qiymətləndirirsiniz?

– Əfv səlahiyyətlərinin həyata keçirilməsi qanunla Yeni il, Novruz bayramı və digər əlamətdar tarixlərlə məhdudlaşdırılmayıb. Müvafiq məsələlər araşdırıldıqdan və hər bir məhkumun vəziyyəti fərdi qaydada qiymətləndirildikdən sonra belə qərar istənilən vaxt verilə bilər.
Ona görə də əfv sərəncamının konkret bir bayram və ya əlamətdar tarixə təsadüf etməməsi hüquqi baxımdan qeyri-adi hal deyil. Əsas məsələ fərdi halların araşdırılması və müvafiq qərarın qəbul edilməsidir.

Əfv sərəncamlarının müəyyən bayramlar və əlamətdar tarixlərlə əlaqələndirilməsi daha çox ənənəvi xarakter daşıyır. Hüquqi baxımdan isə Prezidentin əfv səlahiyyətinin yalnız belə tarixlərlə məhdudlaşdırılması nəzərdə tutulmayıb. Ona görə cənab Prezidentin əfv sərəncamını yalnız alqışlamaq lazımdır. Cənab Prezidentin təşəbbüsü ilə bu sərəncamın 20 şəxsə tətbiq olunması prosesi başlayır. Əfv sərəncamının icrasından sonra yenə də ailələr sevinir.

Hesab edirəm ki, belə əfv sərəncamının verilməsi bir daha cənab Prezidentin fəaliyyətində humanizm və mərhəmət prinsiplərinə nə qədər önəm verdiyini göstərir. Bu, dövlətin humanist siyasətinin göstəricisi kimi qiymətləndirilə bilər.