İstirahət zamanı, xüsusilə gecələr yaranan ayaq ağrısı qan dövranı ilə bağlı problemin əlaməti ola bilər. Mütəxəssislər belə ağrıların, xüsusilə periferik arteriya xəstəliyi baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayırlar.
QHT.az xarici mediaya istinadən bildirir ki, Kardiologiya üzrə mütəxəssis Dos. Dr. Fatih Güngören bildirib ki, periferik arteriya xəstəliyi damar divarında lövhələrin yaranması və damarların daralması nəticəsində, əsasən ayaqlara gedən qan axınının azalması ilə meydana çıxır.
Gecə yaranan ayaq krampları
Mütəxəssisin sözlərinə görə, xüsusilə yaş artdıqca gecə saatlarında ayaq kramplarına daha çox rast gəlinir. Ayaq və barmaqlarda istirahət zamanı yaranan güclü ağrı, yanma hissi və rəng dəyişikliyi isə daha ciddi qan dövranı probleminə işarə edə bilər.
Xəstəlik irəlilədikdə ayaqlara qan axınının ciddi şəkildə azalması səbəbindən ağrı yalnız hərəkət zamanı deyil, insan istirahət edərkən də ortaya çıxa bilər.
Yuxudan oyadan ağrıya diqqət
Mütəxəssis xüsusilə gecə və istirahət zamanı yaranan ayaq ağrılarının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edib. Gəzinti zamanı başlayan ayaq ağrısı qan dövranı pozğunluğunun əlamətlərindən biri ola bilər.
Daha ağır hallarda isə ayaq və barmaqlarda gecələr güclənən, hətta insanı yuxudan oyadan ağrılar müşahidə oluna bilər.
Belə simptomlar təkrarlanırsa, onların səbəbinin müəyyənləşdirilməsi üçün həkim müayinəsindən keçmək vacibdir.












