Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında sosial xərclərin artırılmasının büdcə və iqtisadiyyata təsirlərini dəyərləndirib.

Onun sözlərinə görə, müavinət və təqaüd alanların sayının, həmçinin müavinət və təqaüdlərin həcminin artması büdcə xərclərini artırsa da, bu, eyni zamanda, büdcə daxilolmalarına da müsbət təsir göstərir:

“Bu qərarlar fiskal yığım bazasını genişləndirir, alıcılıq qabiliyyətini stimullaşdırır, işgüzar fəallığın və investisiya imkanlarının artmasına şərait yaradır. Beləliklə, sosial xərclərin artırılması effektiv büdcə siyasəti çərçivəsində iqtisadiyyata müsbət təkan verir. Makroiqtisadi siyasətin digər komponentləri – xüsusən də pul-kredit siyasəti – də iqtisadiyyata stimullaşdırıcı təsirlər göstərməlidir. Ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması və işgüzar fəallığın stimullaşdırılması istiqamətində ardıcıl addımlar atılmalıdır”.

Elşad Məmmədov qeyd edib ki, son illərdə sosial müavinətlərin və təqaüdlərin artırılması, sosial müdafiə sistemində qəbul edilən qərarlar müsbət nəticələr verib:

“Bütün bunlar onu göstərir ki, effektiv sosial yönümlü siyasət çərçivəsində iqtisadiyyatda dayanıqlı və müsbət nəticələr əldə olunur və bu siyasət davam etdirilməlidir”.

 

Pərvanə Fərhadqızı

QHT.az