“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi IMPACT Moldova-nın dəvəti ilə Moldova Respublikasında səfərdədir.
QHT.az xəbər verir ki, GİZ və IMPACT Moldova-nın dəvəti ilə Azərbaycandan olan 10 vətəndaş cəmiyyəti təşkilatının nümayəndə heyəti Moldova Respublikasında SPA layihəsi çərçivəsində keçirilən “İnnovasiya, Davamlı İnkişaf və Sərhədlərarası Öyrənmə vasitəsilə Vətəndaş Cəmiyyətinin Təsirinin Gücləndirilməsi” mövzusunda dörd günlük təlim proqramında iştirak etmişdir.
Proqramın əsas məqsədi təşkilati inkişaf sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, bilik və bacarıqların artırılması, eləcə də hər iki ölkənin vətəndaş cəmiyyəti subyektləri arasında əməkdaşlığın gücləndirilməsi olmuşdur.
Sözügedən proqram yalnız bilik və bacarıqların artırılmasına deyil, həm də təşkilati inkişafda müasir yanaşmaların öyrənilməsinə və tətbiqinə mühüm imkan yaratdı. Təqdim olunan məzmun, təlim metodologiyası və interaktiv müzakirələr iştirakçılara yeni biliklər qazandırmaqla yanaşı, onların fəaliyyətinə daha innovativ və effektiv yanaşma tətbiq etməsinə şərait yaratdı.
Ən önəmlisi isə proqramın sərhədlərarası əməkdaşlıq imkanlarını gücləndirməsi, qarşılıqlı etimadın möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin müxtəlif subyektləri arasında yeni tərəfdaşlıqların qurulmasına zəmin yaratmasıdır. Bu, həm də hər iki ölkənin vətəndaş cəmiyyəti üçün davamlı inkişaf istiqamətində birgə addımlar atmaq baxımından əhəmiyyətli addım olmuşdur.
Təlimin yüksək səviyyədə təşkilinə, peşəkarlığa və göstərilən diqqətə görə bir daha IMPACT Moldova-nın rəhbərinə hörmətli Ludmila Duhot və bütün kollektivinə təşəkkür edir, gələcəkdə də bu kimi faydalı təşəbbüslərin davamını və qarşılıqlı əməkdaşlığımızın daha da güclənəcəyini ümid edirik.












