Kanadada fəaliyyət göstərən International Civil Liberties Monitoring Group qeyri-hökumət təşkilatlarının bank xidmətlərindən məhrum edilməsi ilə bağlı yeni hesabat yayıb.
QHT.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda qeyri-kommersiya təşkilatları və ayrı-ayrı şəxslərin terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli olduqları ehtimalına görə bank hesablarının bağlanmasına qarşı effektiv müdafiə mexanizmlərinin olmadığı bildirilir.
Hesabatda bu proses “de-risking” və ya “de-banking” kimi xarakterizə olunur. Banklar mümkün maliyyə və hüquqi risklərdən yayınmaq məqsədilə müəyyən müştərilərə və təşkilatlara maliyyə xidmətlərini məhdudlaşdıra və ya tamamilə dayandıra bilirlər.
Təşkilatın məlumatına görə, xüsusilə müsəlman icmaları ilə çalışan xeyriyyə qurumları, beynəlxalq humanitar və inkişaf QHT-ləri, həmçinin Suriya, Fələstin və Pakistan kimi ölkələrlə əlaqəli təşkilatlar bu problemdən daha çox təsirlənir.
Hesabatda qeyd olunur ki, bank hesablarının qəfil bağlanması və ödəniş xidmətlərindən istifadənin dayandırılması humanitar proqramların fəaliyyətinə ciddi zərər vura bilər. Bəzi hallarda təşkilatlara hesablarının niyə bağlandığı barədə konkret izahat belə verilmir.
QHT hesabatında Kanada hökumətinə, maliyyə nəzarəti qurumlarına, banklara və ödəniş şirkətlərinə şəffaflığın artırılması, qərarların fərdi və sübuta əsaslanan şəkildə qəbul edilməsi və effektiv şikayət mexanizmlərinin yaradılması ilə bağlı bir sıra tövsiyələr təqdim olunub.












