Cəmi iki saat əlavə yuxu pis gecənin yaratdığı bəzi mənfi təsirləri azaltmağa kömək edə bilər. Lakin həftəsonu gec saatlara qədər yatmaq diqqətlə tətbiq edilməlidir.
QHT.az xarici mediaya istinadən bildirir ki, təxminən 8 min ABŞ-li yetkin insan arasında aparılan sorğu göstərib ki, iştirakçıların demək olar yarısı həftəsonları mütəmadi olaraq gec oyanır. Yeniyetmələr isə digər yaş qrupları ilə müqayisədə həftəsonu daha çox yatan qrupdur.
Yetkinlərə adətən gecə 7-9 saat, yeniyetmələrə isə 8-10 saat yatmaq tövsiyə olunur. Lakin həftə ərzində bu müddəti təmin etmək həmişə mümkün olmur. Bu zaman insanlarda yuxunu həftəsonu kompensasiya etmək fikri yaranır.
Mütəxəssislər bildirirlər ki, yuxunun tənzimlənməsində iki əsas amil rol oynayır. Birincisi, insan nə qədər uzun müddət oyaq qalırsa, yuxu təzyiqi bir o qədər artır. İkincisi isə işıq və qaranlıq, temperatur, qidalanma və fiziki aktivlik kimi amillərlə tənzimlənən sirkadiyen ritmdir.
Həftəsonu həddindən artıq yatmaq bu tarazlığı poza bilər. Səhər uzun müddət yatmaq gün ərzində yuxu təzyiqini azaltdığı üçün insan axşam daha gec yorulur. Nəticədə bazar günü gecə gec yatmaq və bazar ertəsi səhər yenidən erkən oyanmaq məcburiyyətində qalmaq yuxu çatışmazlığını davam etdirə bilər.
Oregon Universitetinin Yuxu Laboratoriyasının direktoru, yuxu psixoloqu Melynda Casement bunu hər həftə saat qurşağını dəyişməyə bənzədir.
Bununla belə, mütəxəssislər yuxu çatışmazlığını kompensasiya etməyin tamamilə pis fikir olmadığını bildirirlər. Araşdırmalar göstərir ki, kifayət qədər yatmamaq orqanizmin fizioloji vəziyyətinə və idrak qabiliyyətlərinə mənfi təsir göstərə bilər. Əlavə yuxu isə bu təsirlərin bir hissəsini azalda və bəzi hallarda geri çevirə bilər.
Məsələn, təxminən 2 800 koreyalı yetkin insan üzərində aparılan araşdırmada mütəmadi olaraq az yatan şəxslərin yüksək təzyiqə məruz qalma ehtimalının təxminən 73 faiz daha çox olduğu müəyyən edilib.
LMU Münhen Tibb Psixologiyası İnstitutunun xronobiologiya üzrə professoru Till Roenneberg isə yuxu çatışmazlığının həftəsonu kompensasiya edilməsinin vacib olduğunu vurğulayır. Onun sözlərinə görə, yuxu insan həyatındakı ən mühüm funksiyalardan biridir.
Zəhra Mansırova












