Son illərdə Qobustan rayonunun iqtisadi həyatında nəzərəçarpacaq müsbət dəyişikliklər baş verməkdədir. Xüsusən kənd yaşayış məntəqələrində həyata keçirilən layihələr, yaradılan şərait, kənddaxili yolların asfaltlanması, yaşıllıqların salınması, demək olar ki, əksər kəndlərdə su probleminin həll edilməsi, ərazilərin təmizlənərək gül-çiçəyə qərq olması, parkların salınması və digər tədbirlər rayonun sosial-iqtisadi inkişafına güclü təkan vermişdir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq işləri nəticəsində bu gün Qobustan yaşıllığı, səliqə-sahmanı və əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini cəlb edir, qəlbləri sevindirir.
Rayon üzrə kənddaxili yolların uzunluğu ümumilikdə təqribən 101,786 km təşkil edir ki, bunun 32 km-nə daxili imkanlar hesabına asfalt örtük vurulmuşdur. Yaxın günlərdə bu rəqəmin daha 10 km artacağı gözlənilir. Həmçinin bütün kəndlərə gedən yollarda “yaşıl tunel”i xatırladan yaşıllıqlar salınmış, yol kənarlarında ağac və qızılgül kolları əkilib-becərilmişdir.
Rayon rəhbərliyinin vətəndaşlarla birgə təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə ərazidə şam, küknar, tuya, akasiya, qarağat və digər ağac və dekorativ kollardan ibarət yaşıllıqlar, parklar salınmışdır. Mövcud yaşıllıqlara müasir suvarma sistemi vasitəsilə qulluq göstərilir.
Bu infrastruktur təkmilləşməsi, asfaltlaşdırma və yaşıllaşdırma işləri ilk növbədə gözəl təbiəti və saf iqlimi ilə tanınan rayonun füsunkarlığını daha da artıraraq qonaqların və turistlərin marağını cəlb etmiş, onların gəliş sayının artmasına səbəb olmuşdur. İnfrastrukturun inkişafı kəndlər arasında əlaqəni genişləndirməklə yanaşı, aqrar rayon olan Qobustanda kənd təsərrüfatının inkişafını da sürətləndirmişdir.
Belə ki, Qobustan rayonu son illərdə öz potensialı hesabına istehsal etdiyi taxıl məhsulları ilə əhalisinin ehtiyacını beş illik dövr üçün təmin edəcək qədər məhsul istehsal etmişdir. Rayon əhalisi kənardan ət və süd məhsulları almadan, istehsal etdiyi heyvandarlıq məhsulları ilə özünü tam təmin edir. Bu isə dövlətimizin ən prioritet istiqamətlərindən biri olan ərzaq təhlükəsizliyinin təmin olunmasına və rayonun iqtisadi müstəqilliyinə layiqli töhfədir.
Rayonun kənd təsərrüfatında aqrar islahatlar əsasən başa çatdırılmışdır. Əsas heyvandarlıq məhsullarından 2024-cü ilin yanvar–iyun ayları ilə müqayisədə ət istehsalı 18 ton, yumurta istehsalı 57 min ədəd, yun istehsalı isə 11 ton artmışdır. İstehsal edilmiş kənd təsərrüfatı məhsullarının əsas hissəsi əhali təsərrüfatlarının payına düşür.
Bu müsbət dinamika, həmçinin bölgədə sahibkarlıq imkanlarının genişlənməsinə, məşğulluğun artmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə əsaslı təsir göstərmişdir. Qobustan rayonundakı bu inkişaf tendensiyası yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır, eyni zamanda xidmət sektoru və sosial infrastrukturun da inkişafına ciddi stimul verir.
Qobustan rayonu bu inkişaf dinamikası ilə ölkəmizin dayanıqlı iqtisadi inkişaf modelinə nümunəvi örnək təşkil edir. Bu uğurlar bir daha sübut edir ki, məqsədyönlü dövlət siyasəti və yerli potensialın səmərəli istifadəsi bölgələrdə davamlı inkişafın əsasını qoyur. Qazanılmış uğurlar və nailiyyətlər təsdiqləyir ki, rayonumuz təkcə bu günün deyil, həm də sabahın inkişafına hesablanmış strateji istiqamətdə irəliləyir və gələcəkdə daha böyük nailiyyətlər üçün möhkəm zəmin yaradılmışdır.
Bəli, Qobustanın uğurları illərlə aparılan məqsədyönlü siyasətin və zəhmətkeş insanların əməyinin bəhrəsidir. Bu inkişaf təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də insanların həyatına sabitlik, rifah və inam gətirir. Rayonun dinamik inkişafı bir daha sübut edir ki, düzgün planlaşdırma, xalqın birliyi və davamlı əmək sayəsində hər bir bölgə ölkəmizin ümumi tərəqqisinə dəyərli töhfə verə bilər.
Fidan Kazımova












