Çinin dövlət dəstəkli “Global Times” qəzeti “Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin süni intellektin inkişafının yavaşladılmasına dair çağırışını tənqid edib. Qəzet bu yanaşmanın təhlükəsizlik riskləri ilə bağlı görünsə də, əslində Çinin süni intellekt sahəsində inkişafını məhdudlaşdırmağa yönəlmiş “Soyuq müharibə planı” olduğunu bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Amodei məqaləsində qabaqcıl süni intellekt modellərinin inkişafını mərhələli şəkildə yavaşlatmaq və təhlükəsizlik risklərinin idarə olunmasına daha çox vaxt yaratmaq üçün çərçivə təklif edib. Onun çağırışını “OpenAI” CEO-su Sem Altman və “SpaceX” təsisçisi İlon Mask da dəstəkləyib.

Amodei ABŞ-ni Çinə çip ixracına nəzarəti gücləndirməyə və Çin süni intellekt laboratoriyalarının model distillasiyası ilə bağlı olduğu iddia edilən fəaliyyətlərinə qarşı tədbir görməyə çağırıb. O bildirib ki, əsas çətinlik Çin və digər rəqib ölkələrin süni intellekt inkişafını eyni şəkildə yavaşlatmaması ola bilər.

“Global Times” isə bu yanaşmanı “ikiüzlü və uzaqgörənlikdən məhrum olan səssiz süni intellekt Soyuq müharibəsi” adlandırıb və Çinin qlobal süni intellekt innovasiyalarından kənarlaşdırılmasının texnologiyanın inkişafı ilə bağlı riskləri artıra biləcəyini vurğulayıb.

ABŞ-də süni intellektin yaratdığı risklərlə bağlı yeni qaydaların qəbul edilməsi çağırışları səslənir. Prezident Donald Tramp isə inkişafın yavaşladılması fikrini rədd edərək, ABŞ-nin süni intellekt sahəsində Çindən öndə olduğunu və bu üstünlüyü qorumaq istədiyini bildirib.

ABŞ və Çinin sentyabrın ortalarında qabaqcıl süni intellektin təhlükəsizlik risklərini müzakirə etməsi gözlənilir. Məsələnin sentyabrın 24-də Tramp və Si Cinpin arasında keçiriləcək sammitdə də gündəmə gələcəyi bildirilir.