15 sentyabr – Bilik Günü münasibətilə şagird və tələbələri, eləcə də müəllimləri təbrik edən təhsil eksperti Ramin Nurəliyev Azərbaycanda təhsilin mövcud vəziyyəti, qarşıda duran əsas problemlər və yeni tədris ilində diqqət yetirilməli məsələlər barədə fikirlərini bölüşüb.
Təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərinin aşağı siniflərində əvvəlki illərlə müqayisədə müəyyən irəliləyişlər müşahidə olunur. Lakin yuxarı siniflərdə, xüsusilə də 10-11-ci siniflərdə və ali məktəblərə hazırlıq istiqamətində ciddi problemlər hələ də qalmaqdadır.
Onun sözlərinə görə, şagirdlər yuxarı siniflərdə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqları məktəbdə tam şəkildə əldə edə bilmirlər.
“Biz müxtəlif üsullardan, o cümlədən təmayül siniflərin yaradılmasından istifadə etməklə bu məsələni müəyyən qədər tənzimləməyə çalışırıq. Lakin bunlar problemin köklü həlli deyil. Təmayül siniflər müəyyən qrup şagirdə dəstək verə bilər, amma digər şagirdlər yenə də kənarda qalır”, – deyə ekspert qeyd edib.
R.Nurəliyev təhsildə əsas çağırışlardan birinin valideynlərin əlavə ödənişlər etməyə məcbur qalması olduğunu vurğulayıb. O bildirib ki, dövlət məktəblərində pulsuz təhsil imkanının olmasına baxmayaraq, xüsusilə yuxarı siniflərdə uşaqların ali məktəbə hazırlığı üçün valideynlər müxtəlif əlavə xidmətlərə və hazırlıqlara pul ödəyirlər.
Ekspertin fikrincə, bu vəziyyət valideynlərin mövcud təhsil sisteminə münasibətinə də təsir göstərir.
“Əgər pulsuz təhsil sistemində valideyn övladının təhsili üçün əlavə pul ödəyirsə, təbii ki, həmin valideyn təhsil sistemindən tam razı qala bilməz”, – deyə Ramin Nurəliyev bildirib.
Yeni tədris ilində diqqətdə saxlanılmalı məsələlərə də toxunan ekspert ali təhsilə qəbul prosesində müəyyən dəyişikliklərin edilməsini vacib hesab etdiyini deyib.
O, qəbul proqramının sadələşdirilməsini və imtahanlarda fənlərin sayının azaldılmasını təklif edib. Ekspert bunun şagirdlərin üzərindəki yükün müəyyən qədər azalmasına və onların daha səmərəli hazırlaşmasına imkan verə biləcəyini düşünür.
Ramin Nurəliyev yeni tədris ili münasibətilə şagirdlərə uğurlar, müəllimlərə isə təhsil sahəsindəki çətin və məsuliyyətli fəaliyyətlərində səbr arzulayıb.












