"Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr üçün müəyyən edilən təhsil haqları kifayət qədər yüksəkdir. Nəzərə alsaq ki, Azərbaycan Tibb Universiteti 2024-cü ildə təhsil haqlarını 6-8 min manat aralığında müəyyənləşdirmişdi, sonradan bu sahədə müəyyən çatışmazlıqların olduğu da görüldü. Bunun qarşısının alınması üçün, məncə, əmək bazarının tələbləri də nəzərə alınmalıdır".
Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında bildirib.
M.Məmmədli sözlərinə görə, müəyyən ixtisaslar üzrə təhsil haqlarının aşağı salınması müsbət addımdır:
"Artıq 2026–2027-ci tədris ili üçün müəyyən ixtisaslar üzrə təhsil haqlarının 1000-1500 manat aşağı salındığını görürük. Düşünürəm ki, bu yanaşma digər universitetlərdə də tətbiq olunmalı və ümumilikdə ali təhsil daha əlçatan olmalıdır".
Məzahir Məmmədli bildirib ki, tələbələrin xaricdə təhsil almağa üstünlük verməsinin əsas səbəblərindən biri təhsil haqları ilə yanaşı, təhsilin keyfiyyətidir:
"Digər tərəfdən, Azərbaycanda hər il qəbul imtahanlarından, xüsusilə blok imtahanından sonra tələbələrin xarici universitetlərə kütləvi axını müşahidə olunur. Tələbələr xaricdə təhsil almağa əsasən ona görə üstünlük verirlər ki, bəzi xarici universitetlər təhsilin və tədrisin keyfiyyəti baxımından Azərbaycan universitetlərindən daha öndə olmaqla yanaşı, daha münasib qiymətlər də təklif edirlər".
Ekspert vurğulayıb ki, ali təhsilin əlçatanlığının artırılması üçün həm dövlət, həm də universitetlər səviyyəsində addımlar atılmalıdır:
"Bu kimi halların qarşısını almaq üçün düşünürəm ki, həm dövlət səviyyəsində xüsusi proqram hazırlanmalı, həm də universitetlər özləri təhsil haqları məsələsinə yenidən baxmalıdırlar".
Fatimə Nəbiyeva












