"Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən mövcud islahatlar və  görülmüş işlər, insan kapitalının inkişafında mühüm mərhələ olmuşdur.  Bu əsasda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan, islahatlar təhsilin bütün pillələri üzrə yeni innovativ xüsusiyyətlərlə müşayiət olunur. Eyni zamanda, bu Dövlət Strategiyası çərçivəsində bir çox keyfiyyət dəyişiklikləri ilə özünü, həm də ali təhsil sahəsində göstərir".

Bu fikirləri "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirib.

E.Rəhimovanın sözlərinə görə, yeni tədris ilində bəzi ixtisaslar üzrə illik təhsil haqqı 8 min manata çata bilər:

“Yeni tədris ilində bəzi ixtisaslar üzrə illik təhsil haqqı, yəqin ki, 8 min manata çatacaq. Ən yüksək ödənişlər ADA Universitetində, eləcə də bəzi özəl və ixtisaslaşmış ali məktəblərdə müəyyənləşdiriləcək”.

Esmira Rəhimova bildirib ki, universitetlər yüksək təhsil haqlarını müxtəlif xərclərlə əsaslandırırlar:

“Universitetlər təhsil haqqını müəyyənləşdirərkən, tibb və laboratoriya tələb edən ixtisaslar baha başa gəldiyini, yüksək ixtisaslı müəllim və professor heyətinin əmək haqqılarının ödənilməsini, texniki problemləri və s. əsas göstərirlər. Lakin, təhsil haqlarının həddən artıq artması təhsilin sosial ədalət prinsipini zədələyə bilər. Eyni zamanda, ailələr üçün ağır maliyyə yükü olar”.

Əməkdar müəllim vurğulayıb ki, universitetlər tələbə ödənişlərindən əlavə, elm və iqtisadi əməkdaşlıq vasitəsilə gəlir əldə etməlidirlər:

“Universitetlər xaricdə, eləcə də Avropada, müəyyən istehsalat müəssisələri ilə bazar iqtisadiyyatın tələbləri əsasında təkcə elmi yox, həm də iqtisadi əməkdaşlıq etməklə öz gəlir mexanizmi hazırlaya bilirlər. Bu mexanizmin hazırlanmasına əsasən, iqtisadi siyasət yürüdərək, kifayət qədər uğur qazana bilirlər. Bizim universitetlər təkcə tələbələrdən alınan təhsil haqları hesabına fəaliyyət göstərməklə kifayətlənməməlidirlər, onlar iqtisadi şəraitində elm necə gəlir gətirir, haqda düşünüb fəaliyyət göstərməlidir. Həmçinin, bu gün universitetlərimiz yalnız tədris obyekti kimi yox, həm də tədqiqat obyekti kimi fəaliyyət göstərsələr, daha böyük gəlir əldə edə bilərlər”.

Esmira Rəhimova qeyd edib ki, müəyyən kateqoriyaya aid şəxslərin övladları təhsil haqqından azad edilirlər:

“Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər”.

Fatimə Nəbiyeva