“2026–2027-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində, xüsusilə hüquq, tibb və digər ixtisaslar üzrə təhsil haqlarının artırılması cəmiyyətdə heç də birmənalı qarşılanmır”.

Bu fikirləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir Azəri QHT.az-a açıqlamasında bildirib.

N.Azərinin sözlərinə görə, universitetlərin təhsil haqlarını artırmasının əsaslandırılması ictimaiyyət üçün açıq və aydın olmalıdır:

“İlk növbədə qeyd etmək lazımdır ki, universitetlərdə təhsil haqlarının artırılmasının hansı meyarlara əsaslandığı ilə bağlı ali təhsil müəssisələrinin özlərinin əsaslandırılmış açıqlama verməsi doğru olardı. Əlbəttə, universitetlərin də müəyyən xərcləri var, müəllimlərin əməkhaqlarının artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əlavə maliyyə resurslarına ehtiyac yarana bilər.

Lakin təhsil haqlarının, xüsusilə hüquq və tibb kimi ixtisaslar üzrə 4 min manatdan yuxarı müəyyənləşdirilməsinin konkret hansı hesablamalara və meyarlara əsaslandığı ictimaiyyətə açıqlansa, daha məqsədəuyğun olar. Bu barədə həm valideynlərin, həm də tələbələrin, ümumilikdə Azərbaycan ictimaiyyətinin aydın təsəvvürü olmalıdır. İnsanlar bilməlidirlər ki, bu qiymət artımı hansı zərurətdən irəli gəlib və konkret olaraq nəyə əsaslanır”.

Nadir Azəri bildirib ki, burada diqqət yetirilməli əsas məsələlərdən biri də təhsildə sosial əlçatanlığın qorunmasıdır:

“Xüsusilə hüquq və tibb kimi cəmiyyət üçün strateji əhəmiyyət daşıyan ixtisasların yalnız maddi imkanları yüksək olan ailələrin övladları üçün əlçatan olması arzuolunan deyil. Çünki ailənin maddi vəziyyəti gəncin biliyini, bacarığını və gələcəkdə yaxşı həkim, yaxşı hüquqşünas olmaq potensialını müəyyənləşdirməməlidir.

Keçmiş sovet dövründə hüquqşünas və ya həkim kimi peşələrin daha çox imkanlı ailələrin övladları üçün əlçatan olması ilə bağlı cəmiyyətdə müəyyən təsəvvürlərin mövcud olduğu bildirilirdi. Bunun müxtəlif səbəbləri var idi. Müasir dövrdə isə təhsilə çıxış imkanlarının sosial və maddi vəziyyətdən asılılığının artmasına yol verməmək vacibdir.

Əgər yanaşma yalnız maddi imkanı yüksək olan şəxslərin bu ixtisaslarda təhsil ala bilməsi üzərində qurularsa, ailəsinin maddi imkanları buna çatmayan, lakin yüksək biliyə, bacarığa və potensiala malik gənclərin həmin ixtisaslardan kənarda qalması mümkündür. Bu isə təkcə həmin gənclər üçün deyil, bütövlükdə cəmiyyət üçün də itki ola bilər”.

Nadir Azərinin sözlərinə görə, bu məsələdə universitetləri də tamamilə haqsız çıxarmaq düzgün deyil. Çünki ali təhsil müəssisələrinin özlərinin də maliyyə xərcləri və öhdəlikləri var. Eyni zamanda, təhsil haqqının yüksək olması səbəbindən övladının arzuladığı ixtisasda təhsil alma imkanını itirə biləcək valideynləri və gəncləri də nəzərə almaq lazımdır:

“Düşünürəm ki, burada ortaq və daha sosial ədalətli variant tapmaq mümkündür. Məsələn, universitetlər müəyyən ixtisaslar üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən, lakin ailəsinin maddi vəziyyəti yüksək təhsil haqqını ödəməyə imkan verməyən gənclər üçün daxili müsabiqələr təşkil edə bilərlər.

Tutaq ki, bir gənc qəbul imtahanında yüksək bal toplayıb, hüquq və ya tibb ixtisasını seçib, lakin ailəsinin illik gəliri həmin təhsil haqqını ödəməyə imkan vermir. Belə hallarda həmin gənclərin sosial vəziyyəti əsaslandırılmış şəkildə araşdırılmaqla onlara xüsusi güzəştlər tətbiq edilə bilər. Məsələn, hər il müəyyən sayda yüksək nəticə göstərən aztəminatlı ailə övladına 50 faizlik təhsil güzəşti verilə bilər.

Digər bir variant isə gəncə ilk il üçün müəyyən imkan yaradılmasıdır. Tələbə bir il ərzində yüksək nəticə göstərərsə, yaxşı oxuyarsa və özünü doğruldarsa, növbəti illərdə onun təhsil haqqına 30, hətta 50 faiz güzəşt tətbiq edilə bilər.

Belə mexanizm həm universitetlərin maraqlarını nəzərə alar, həm də maddi imkanları məhdud olan, lakin biliyi, bacarığı və yüksək potensialı olan gənclərə özlərini göstərmək imkanı verər.

Əsas məsələ ondan ibarətdir ki, təhsildə yalnız maddi imkanları yüksək olan şəxslərin müəyyən ixtisaslara çıxış əldə etməsinə gətirib çıxaran yanaşmanın qarşısı alınmalıdır. Çünki gələcəyin yaxşı həkimi, hüquqşünası və digər mütəxəssisi yalnız imkanlı ailənin övladı olmaya bilər.

Maddi imkanları məhdud ailələrdə böyüyən gənclər arasında da yüksək potensiala malik şəxslər var. Onlara həmin potensialı ortaya qoymaq üçün imkan yaratmaq lazımdır”.

Fatimə Nəbiyeva