"12 Avqust – Beynəlxalq Gənclər Günü gənclərin cəmiyyətin inkişafındakı rolunun, qarşılaşdıqları çağırışların və gələcək imkanlarının diqqət mərkəzinə gətirildiyi mühüm tarixlərdən biridir. Bu gün Azərbaycan gəncləri beynəlxalq təhsil, mübadilə və inkişaf proqramlarında iştirak edir, müxtəlif beynəlxalq platformalarda ölkəmizi təmsil edirlər. Bu baxımdan gənclərin beynəlxalq imkanlara çıxışının genişləndirilməsi və Azərbaycanın xaricdə daha fəal təmsil olunması xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan gəncliyinin beynəlxalq arena ilə inteqrasiyası istiqamətində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, dövlət xətti ilə həyata keçirilən xaricdə təhsil proqramları, “Erasmus” və digər beynəlxalq mübadilə layihələri, eləcə də qlobal forum və platformalarda iştirak gənclər üçün geniş imkanlar yaradır.

Müsahib vurğulayıb ki, Azərbaycan gənci artıq dünyada yalnız təhsil alan deyil, həm də biliyi, dünyagörüşü və təşəbbüskarlığı ilə ölkəmizi layiqincə təmsil edən və beynəlxalq müstəvidə söz sahibi olan qüvvəyə çevrilib.

Tural Nurməmmədovun sözlərinə görə, qlobal dünyanın sürətlə dəyişməsi gənclərin potensialının daha da inkişaf etdirilməsini və mövcud imkanların genişləndirilməsini zəruri edir. O bildirib ki, beynəlxalq proqramlar haqqında məlumatların yalnız paytaxtda deyil, regionlarda yaşayan gənclər üçün də əlçatan olması təmin edilməlidir. Regionlardakı istedadlı gənclərin belə proqramlara müraciət etməsi üçün xüsusi dəstək mexanizmlərinin yaradılması vacibdir.

O əlavə edib ki, bir sıra gənclər yüksək potensiala malik olsalar da, akademik yazı, motivasiya məktublarının hazırlanması və xarici dil bilikləri ilə bağlı çətinliklərlə üzləşirlər. Onun fikrincə, bu istiqamətdə pulsuz hazırlıq mərkəzlərinin, mentorluq şəbəkələrinin və təlimlərin genişləndirilməsi gənclərin beynəlxalq proqramlarda iştirak imkanlarını artıra bilər.

Müsahib bildirib ki, xaricdə təhsil almış və ya beynəlxalq layihələrdə Azərbaycanı təmsil edərək ölkəyə qayıtmış gənclərin təcrübəsindən də daha sistemli şəkildə istifadə olunmalıdır. Onun sözlərinə görə, həmin gənclər yeni iştirakçılara yol göstərən mentorlar kimi çıxış edə və onların beynəlxalq imkanlara çıxışını asanlaşdıra bilərlər.

Tural Nurməmmədov qeyd edib ki, Azərbaycanın beynəlxalq müstəvidə maraqlarının, mədəniyyətinin və reallıqlarının daha geniş tanıdılması üçün gənclər təşkilatlarının və fəallarının xarici beyin mərkəzləri və qlobal gənclər platformaları ilə birbaşa əməkdaşlığı da stimullaşdırılmalıdır.

Sonda İctimai Birliyin sədri vurğulayıb ki, gənclərin beynəlxalq imkanlara çıxışına qoyulan hər bir sərmayə Azərbaycanın gələcək insan kapitalına və beynəlxalq imicinə qoyulan mühüm investisiyadır. Onun sözlərinə görə, gənclərin bilik və bacarıqlarının inkişafına yaradılan imkanlar gələcəkdə ölkənin beynəlxalq təmsilçiliyinin və insan kapitalının daha da güclənməsinə xidmət edəcək.

Piranə Xasiyeva