2026/2027-ci tədris ili üzrə bəzi ixtisaslarda təhsil haqlarının yüksək, bəzilərində isə aşağı olması ilə bağlı məsələlər müzakirə olunur.
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, təhsil haqları müəyyən edilərkən yalnız ayrı-ayrı ixtisasların deyil, ümumilikdə təhsilin dəyərinin, vətəndaşların sosial vəziyyətinin və ölkədəki mövcud iqtisadi şəraitin nəzərə alınması vacibdir.
Onun sözlərinə görə, təhsil haqqının müəyyənləşdirilməsi zamanı təhsilin universitet üçün real maya dəyəri ilə yanaşı, Azərbaycan vətəndaşlarının həmin məbləği ödəmək imkanları da qiymətləndirilməlidir.
“Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələləri kompleks şəkildə araşdırmalı və nəzərə almalıdır. Hansı təhsilin neçəyə başa gəldiyi, onun optimal qiymətinin nə qədər olması müəyyənləşdirilməlidir. Eyni zamanda, vətəndaşın buna imkanı və gücü də nəzərə alınmalıdır”, – deyə Rauf Zeyni qeyd edib.
O bildirib ki, ali təhsil müəssisələrinin maraqları ilə vətəndaşların sosial vəziyyəti arasında balans yaradılmalıdır.
“Əlaqədar dövlət qurumları bütün bu amilləri qiymətləndirməli, dəyərləndirməli və yalnız bundan sonra təhsil haqları müəyyən edilərək elan olunmalıdır. Bu halda həm təhsilin real dəyəri öz əksini tapar, həm də vətəndaşın maraqları müdafiə olunar”, – deyə R.Zeyni vurğulayıb.
Rauf Zeyninin fikrincə, təhsil haqlarının müəyyənləşdirilməsində optimal qiymət prinsipi əsas götürülməlidir.
“Optimal qiymət müəyyənləşməli və bu istiqamətdə daim optimallaşdırma aparılmalıdır. Təhsil haqqının real dəyərdən həddindən artıq yüksək və ya aşağı müəyyən edilməsi düzgün yanaşma olmaz. Bütün məsələlərdə olduğu kimi, burada da həm təhsilin dəyəri, həm də vətəndaşın maraqları, ilk növbədə isə onun rifahı nəzərə alınmalıdır”, – deyə o əlavə edib.
Zəhra Ağayeva












