Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında ali təhsil müəssisələrində təhsil haqlarının yüksək olmasının aztəminatlı gənclərin təhsilə çıxışına təsir göstərə biləcəyini bildirib.
O qeyd edib ki, ölkə üzrə orta aylıq nominal əməkhaqqı və xüsusilə regionlarda ailələrin orta gəlirləri nəzərə alındıqda, yüksək illik təhsil haqqı bir ailənin büdcəsinin əhəmiyyətli hissəsini təşkil edə bilər:
“Bəri başdan deyim ki, təhsil eksperti deyiləm. Lakin bu məsələyə bir vətəndaş və ictimai fəal kimi baxışım var. Yüksək ödənişlər aztəminatlı gəncləri topladıqları ballar kifayət qədər olsa belə, maliyyə çətinliyinə görə arzuladıqları hüquq, tibb, maliyyə kimi ixtisasları deyil, daha aşağı ödənişli ixtisasları seçməyə məcbur edə bilər. Bu isə sosial bərabərsizliyi daha da dərinləşdirə bilər”.
Ə.Abbasbəylinin sözlərinə görə, dövlət tərəfindən tətbiq olunan təhsil kreditləri və müxtəlif kvotalar bu yükü müəyyən qədər azaltmağa çalışsa da, problemin dayanıqlı həlli üçün əlavə addımlar atılmalıdır.
O bildirib ki, universitetlər təhsil haqlarını yalnız bazardakı tələbat əsasında deyil, real maya dəyəri, təhsilin keyfiyyəti, məzunların gələcək qazanc potensialı və sosial dəstək mexanizmlərini nəzərə alaraq müəyyən etməlidirlər.
“Universitetlər qiymət siyasətini formalaşdırarkən sosial-iqtisadi reallıqları və təhsilin keyfiyyət göstəricilərini nəzərə almalıdır. Təhsil Tələbə Krediti Fondunun imkanları genişləndirilməli, dövlət sifarişi yerlərinin sayı artırılmalıdır. Eyni zamanda, yüksək təhsil haqqı müəyyən edən universitetlər uğurlu və aztəminatlı tələbələr üçün daxili təqaüd proqramlarını genişləndirməlidirlər”, - deyə sədr vurğulayıb.
Ə.Abbasbəyli əlavə edib ki, təhsil haqqı laboratoriya və texniki avadanlıqlar, təhsil şəraiti, beynəlxalq akkreditasiya, xarici mütəxəssislərin cəlb olunması və digər real xərclərlə əsaslandırılmalıdır.
Onun fikrincə, məzunun gələcəkdə həmin ixtisas üzrə əldə edə biləcəyi gəlirlə ödədiyi təhsil haqqı arasında da məntiqli nisbət olmalıdır. Bununla yanaşı, ölkənin sosial-iqtisadi göstəriciləri və inflyasiya səviyyəsi də təhsil haqlarının müəyyənləşdirilməsində nəzərə alınmalıdır.












