2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrində təhsil haqlarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr davam edir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az-a açıqlamasında bildirib ki, universitetlər qiymət siyasətini formalaşdırarkən əhalinin əsas hissəsinin aşağı və orta əməkhaqqı alan vətəndaşlardan ibarət olduğunu nəzərə almalıdır.

Onun sözlərinə görə, tələbənin xərcləri yalnız təhsil haqqı ilə məhdudlaşmır. Nəqliyyat, yaşayış, qidalanma, dərs vəsaitləri və digər gündəlik xərclər də tələbə və ailəsi üçün ciddi maliyyə yükü yaradır.

“Regionlarda, xüsusilə kənd təsərrüfatı və mövsümi işlər hesabına ailə büdcəsini təmin edən ailələr üçün bu xərclərin qarşılanması böyük çətinlik yaradır. Nəticədə bir çox gənc real olaraq təhsilini davam etdirməkdən vaz keçir”, – deyə E.Xeyrullayev qeyd edib.

QHT sədri hesab edir ki, təhsil haqları müəyyən edilərkən minimum əməkhaqqı meyarından çıxış etmək daha məqsədəuyğun olar.

O, tələbələrin sosial yükünün azaldılması üçün əlavə imkanların yaradılmasını da təklif edib. Belə ki, pulsuz yataqxanaların, ictimai nəqliyyatdan istifadə üçün güzəştli və ya pulsuz tələbə kartlarının, pulsuz internet imkanlarının yaradılmasının vacib olduğunu bildirib.

E.Xeyrullayev həmçinin tələbələr üçün münasib qiymətlərlə fəaliyyət göstərən yeməkxanaların, geyim və kitab mağazalarının yaradılmasının təhsil xərclərinin azaldılmasına kömək edə biləcəyini vurğulayıb.

Onun fikrincə, bu cür sosial dəstək mexanizmləri gənclərin təhsildən yayınmasının qarşısının alınmasına və regionlardan olan tələbələrin ali təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edə bilər.