“12 Avqust – Beynəlxalq Gənclər Günü gənclərin cəmiyyətin inkişafındakı rolunu, üzləşdikləri problemləri və gələcək imkanlarını diqqət mərkəzinə gətirən mühüm tarixdir. Azərbaycan gənclərinin beynəlxalq platformalarda iştirakı yalnız şəxsi inkişaf və təcrübə qazanmaq deyil, eyni zamanda ölkəmizi tanıtmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və beynəlxalq mühitdə milli maraqlarımızı layiqincə təmsil etmək imkanıdır”.

Bu fikirləri tədqiqatçı, Qarabağ Universitetinin müəllimi Nigar Ramazanova QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycan gəncliyinin ölkənin inkişafındakı rolunu xüsusi vurğulayır. Onun sözlərinə görə, gənclərə verilən dəyər onların üzərinə böyük məsuliyyət də qoyur.

Müsahib bildirib ki, müxtəlif beynəlxalq konfrans və tədbirlərdə iştirak etmək gənclərin dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir. Onun sözlərinə görə, beynəlxalq platformalarda iştirak edən şəxs beynəlxalq münasibətləri, müxtəlif ölkələrin mövqelərini və müzakirələrin necə aparıldığını prosesin içərisindən müşahidə etmək imkanı qazanır. Bu təcrübə məsələlərə daha geniş və fərqli perspektivdən yanaşmağa şərait yaradır.

Nigar Ramazanovanın sözlərinə görə, beynəlxalq platformalarda əldə olunan təcrübə yalnız bir şəxsin özündə qalmamalı, digər gənclərə də ötürülməlidir. O bildirib ki, hazırda Qarabağ Universitetində tələbələrə dərs deyərkən beynəlxalq tədbirlərdə qazandığı təcrübəni onlarla bölüşür və gənclərin belə platformalarda iştirak etmək, Azərbaycanı təmsil etmək istəyinin artdığını müşahidə edir.

Müsahib vurğulayıb ki, istedadlı və təşəbbüskar gənclərə şərait yaradılmalı, onların qarşısı müxtəlif səbəblərlə kəsilməməlidir. Onun fikrincə, gəncə “hələ tezdir” və ya “təcrübən çatmır” demək əvəzinə, həmin təcrübəni qazanması üçün imkan yaradılmalıdır. Gənclərin qarşısını kəsmək deyil, onlara yol göstərmək, həvəslərini azaltmaq deyil, dəstəkləmək vacibdir.

O əlavə edib ki, bu yanaşma dövlət qurumları ilə yanaşı, universitetlərdə, gənclər təşkilatlarında və vətəndaş cəmiyyəti institutlarında da əsas prinsiplərdən biri olmalıdır. Potensialı olan gəncə inanmaq və vaxtında imkan yaratmaq onun gələcək fəaliyyətinə ciddi təsir göstərə bilər.

Nigar Ramazanova qeyd edib ki, xüsusilə Qarabağda yaşayan və təhsil alan gənclərin beynəlxalq platformalarda ölkəni təmsil etməsinin mənəvi tərəfi də var. Onun sözlərinə görə, böyük qurbanlar bahasına azad edilmiş torpaqlarda yaşamaq, işləmək və təhsil almaq hər bir şəxsə əlavə məsuliyyət verir. Azərbaycanı layiqincə təmsil etmək yalnız beynəlxalq konfranslarla məhdudlaşmır, sosial şəbəkələrdə, elmi məqalələrdə, universitet auditoriyalarında, beynəlxalq layihələrdə və gündəlik ünsiyyətdə də özünü göstərir.

Müsahib bildirib ki, gənclər təşkilatlarının da bu istiqamətdə böyük məsuliyyəti var. Onun fikrincə, bu qurumların fəaliyyəti yalnız tədbirlərin təşkili və iştirakçıların göndərilməsi ilə məhdudlaşmamalıdır. Gənclər beynəlxalq debat, diplomatik kommunikasiya, ictimai çıxış, arqumentasiya, xarici dil və media savadlılığı baxımından hazırlanmalıdırlar. Xüsusilə beynəlxalq platformalarda Azərbaycanla bağlı tarixi, hüquqi və siyasi məsələlərə dair suallara emosional deyil, faktlara əsaslanan cavab vermək bacarığı formalaşdırılmalıdır.

Müsahib beynəlxalq tədbirlərdə iştirak edəcək gənclərə hazırlıqlı olmağı tövsiyə edib. O qeyd edib ki, tədbirin proqramı, iştirakçıları və müzakirə olunacaq mövzular əvvəlcədən araşdırılmalı, əvvəlki tədbirlərdə qaldırılan məsələlər və mümkün suallar nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, belə tədbirlərə xarici ölkəyə səyahət kimi deyil, Azərbaycanı təqdim etmək missiyası kimi yanaşmaq lazımdır.

Sonda Nigar Ramazanova qeyd edib ki, beynəlxalq platformalarda gənclərin bir cümləsi, verdiyi cavab və qurduğu əlaqə qarşı tərəfin Azərbaycan haqqında təsəvvürünə təsir göstərə bilər. Onun sözlərinə görə, müzakirələr zamanı emosiyaya emosiyayla deyil, bilik və peşəkarlıqla cavab vermək, özünəinamı isə səsin yüksəkliyində deyil, hazırlıqda, davranışda və ölkəni layiqincə təmsil etmək bacarığında göstərmək vacibdir. Azərbaycan gənclərinin böyük potensiala malik olduğunu vurğulayan müsahib əlavə edib ki, əsas vəzifə onların qarşısını kəsmək deyil, qarşılarında yeni yollar açmaq, onlara imkan, dəstək, düzgün istiqamət və etimad verməkdir.

Piranə Xasiyeva