Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrində müəyyənləşdirilən təhsil haqları ilə bağlı QHT.az-a açıqlama verib.

O bildirib ki, təhsil haqlarının artması məsələsinə yalnız universitetlərin maliyyə ehtiyacları prizmasından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, maliyyə dayanıqlılığı ilə ali təhsilin sosial əlçatanlığı arasında balans qorunmalıdır.

“Burada əsas sual təhsil haqqının konkret olaraq 4000, 5000 və ya 6000 manat olması deyil. Əsas məsələ yüksək akademik göstəricilərə malik, lakin maliyyə imkanları məhdud olan gənclərin ali təhsil imkanlarının nə dərəcədə qorunmasıdır”, - deyə M.Ağalarov qeyd edib.

Ekspertin sözlərinə görə, tələbənin universitetə qəbulundan sonra üzləşdiyi yeganə maliyyə yükü təhsil haqqı deyil. Nəqliyyat, qidalanma, tədris materialları, texniki vasitələr və xüsusilə regionlardan gələn tələbələr üçün yaşayış xərcləri də nəzərə alınmalıdır.

“Ali təhsil yalnız iqtisadi xidmət deyil, eyni zamanda insan kapitalının formalaşdırılması prosesidir. Ailənin cari maliyyə imkanları istedadlı gəncin uzunmüddətli təhsil və karyera perspektivlərini müəyyən edən əsas amilə çevrilməməlidir”, - deyə o vurğulayıb.

M.Ağalarov hesab edir ki, yüksək təhsil haqlarının sosial bərabərsizliyi artırmaq potensialı da nəzərə alınmalıdır. Onun fikrincə, yüksək nəticə göstərən abituriyentin yalnız maddi imkanları səbəbindən arzuladığı ixtisasda təhsil ala bilməməsi təkcə fərdi problem deyil, həm də ölkənin insan kapitalına və sosial mobilliyə təsir edən məsələdir.

O, Təhsil Tələbə Krediti sisteminin bu baxımdan mühüm mexanizm olduğunu bildirib. Ekspert qeyd edib ki, tələbə kreditləri ilə yanaşı, Təhsilin İnkişafı Fondunun, universitetlərin daxili təqaüd proqramlarının, özəl sektorun və donor qurumlarının imkanlarından daha sistemli istifadə edilməlidir.

“Xüsusilə yüksək akademik nəticə göstərən, lakin sosial baxımdan həssas ailələrdən olan tələbələr üçün təqaüd proqramlarının genişləndirilməsi mühüm addım ola bilər. Tələbə krediti, dövlətin sosial dəstək mexanizmləri, Təhsilin İnkişafı Fondunun layihələri, universitetlərin daxili təqaüdləri və biznes sektorunun sosial investisiyaları vahid ekosistem kimi fəaliyyət göstərməlidir”, - deyə sədr bildirib.

Onun sözlərinə görə, təhsil haqlarının müəyyənləşdirilməsi zamanı universitetlərin real xərcləri, təhsilin keyfiyyəti, əmək bazarının tələbləri, məzunların məşğulluq imkanları və sosial məsuliyyət kimi meyarlar nəzərə alınmalıdır.

M.Ağalarov əlavə edib ki, yüksək təhsil haqqı avtomatik olaraq yüksək keyfiyyət anlamına gəlmir. Tələbə ödədiyi vəsait qarşılığında hansı akademik, elmi və peşəkar imkanları əldə etdiyini bilməlidir.

Ekspert dövlət sifarişi üzrə yerlərin artırılmasının da ali təhsilin əlçatanlığının təmin edilməsində mühüm rol oynaya biləcəyini vurğulayıb.

“2026/2027-ci tədris ili üzrə təhsil haqları ilə bağlı müzakirələrə yalnız “bahadır” və ya “ucuzdur” yanaşması ilə baxmaq doğru deyil. Əsas məqsəd keyfiyyətli ali təhsilin maliyyə baxımından əlçatan və sosial baxımdan ədalətli modelinin formalaşdırılmasıdır”, - deyə o bildirib.

M.Ağalarovun fikrincə, ali təhsil siyasətinin əsas hədəfi yalnız universitetlərin maliyyə dayanıqlığını təmin etmək deyil, həm də ölkənin insan kapitalının inkişafı üçün bərabər imkanlar yaratmaq olmalıdır.