"Azərbaycan gəncləri bu gün bir sıra beynəlxalq layihələrdə, forumlarda, mübadilə proqramlarında, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında və digər platformalarda ölkəmizi layiqincə təmsil edir. Lakin bu istiqamətdə imkanların daha sistemli şəkildə genişləndirilməsinə ehtiyac var. Bunun üçün tələbə və gənclərin beynəlxalq layihələr, mübadilə imkanları və beynəlxalq tədbirlərdə iştirak mexanizmləri barədə daha geniş maarifləndirilməsi təmin edilməlidir".

Bu fikirləri “İRƏLİ” İctimai Birliyinin baş katibi, vokal ifaçısı, “İlin Gənci” mükafatının qalibi Riad Cəbrayılov QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, xüsusilə ali təhsil müəssisələrində beynəlxalq imkanlarla bağlı məlumatlandırıcı görüşlərin və praktiki təlimlərin keçirilməsi gənclərin bu imkanlara çıxışını əhəmiyyətli dərəcədə artıra bilər. Onun sözlərinə görə, gənclərin xarici dil, layihə yazılması, təqdimat, kommunikasiya və beynəlxalq mühitdə Azərbaycanı təmsil etmək bacarıqlarının inkişafına yönəlmiş proqramlar davamlı xarakter daşımalıdır.

Müsahib vurğulayıb ki, gənclər təşkilatları ayrı-ayrı tədbirlər keçirməklə kifayətlənməməli, beynəlxalq təmsilçiliyi ümumi fəaliyyət strategiyasının əsas istiqamətlərindən birinə çevirməlidirlər. Onun fikrincə, vahid məlumat bazalarının yaradılması, beynəlxalq imkanların mütəmadi paylaşılması, iştirakçıların seçim və hazırlıq prosesinə dəstək göstərilməsi, eləcə də beynəlxalq layihələrdən qayıdan gənclərin qazandıqları təcrübəni digər gənclərlə bölüşməsi sistemli fəaliyyət modelinin mühüm elementləridir.

Riad Cəbrayılov bildirib ki, “İRƏLİ” İctimai Birliyinin əsas vəzifələrindən biri də gənclərin beynəlxalq təmsilçilik təşəbbüslərini dəstəkləmək və onların mövcud imkanlardan daha səmərəli yararlanmasına şərait yaratmaqdır. Onun sözlərinə görə, təşkilatın fəaliyyəti çərçivəsində indiyədək onlarla gənc müxtəlif ölkələrdə keçirilən layihə, forum, təlim və beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycanı təmsil edib.

O əlavə edib ki, növbəti mərhələdə əsas hədəf yalnız daha çox gəncin beynəlxalq layihələrə göndərilməsi deyil, onların qazandıqları təcrübənin ölkə daxilində paylaşılmasını və yeni təşəbbüslərə çevrilməsini təmin etmək olmalıdır. Müsahibin fikrincə, bununla beynəlxalq təmsilçilik fərdi iştirakdan çıxaraq gənclər təşkilatları, universitetlər, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında davamlı əməkdaşlığa əsaslanan vahid ekosistemə çevrilə bilər.

Müsahib dövlətin gənclərin hərtərəfli inkişafı üçün səmərəli ekosistem yaratdığını qeyd edib. O bildirib ki, müxtəlif dövlət proqramları Azərbaycan gənclərinə xarici ölkələrdə təhsil almaq, qısamüddətli və uzunmüddətli təlim-tədris proqramlarına qoşulmaq üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, bu dəstəyə uyğun olaraq cəmiyyətin gələcəyi naminə gənclər təşkilatları, universitetlər, dövlət qurumları və digər tərəfdaşlar arasında daha sıx əməkdaşlıq və birgə fəaliyyət həyata keçirilməlidir.

Sonda Riad Cəbrayılov 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Piranə Xasiyeva