"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi “Mina axtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” adlı layihənin icrasını davam etdirir.

Layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstan Respublikalarındakı səfirliyinin (Canada in Türkiye) maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaq, kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün minaların təmizlənməsinin sürətləndirilməsidir. Xüsusi hazırlıq keçmiş mina axtaran itlər minalarla çirklənmiş ərazinin yoxlanılmasına və minaların aşkarlanmasına çox böyük töhfə verir. Bu baxımdan layihənin digər əsas məqsədi mina təmizləmə potensialının gücləndirilməsi, təhlükəli ərazilərin daha qısa müddətdə təhlükəsiz vəziyyətə gətirilməsinə dəstək göstərilməsi və nəticə etibarilə mülki əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.

Məlumdur ki, mina axtaran itlər məsafədən idarə olunan texnikanın və ya minaları müəyyən edən detektorların hərəkətinin məhdud olduğu çətin relyefli ərazilərdə, meşəliklərdə və sıx bitki örtüyü olan sahələrdə effektiv şəkildə fəaliyyət göstərə bilirlər. Detektorlar ərazidəki istənilən metal parçasına (məsələn məftil qırıqlarına) reaksiya verdiyi üçün belə sahələrdə işləmək çətindir və çox vaxt aparır. Mina axtaran itlər isə metala deyil, bilavasitə partlayıcı maddənin qoxusuna reaksiya verdikləri üçün bu cür çirklənmiş ərazilərdə daha sürətli və dəqiq nəticə göstərirlər.

Layihənin bu mərhələsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) müvafiq strukturunun mütəxəssislərinin iştirakı ilə iki mina axtaran itin seçilməsi prosesi həyata keçirilmişdir. İki mina axtaran it seçilərək ANAMA-nın Horadiz Regional Mərkəzindəki müvafiq təlimlərə cəlb olunmuşdur.

Bu layihə çərçivəsində iki mina axtaran itin alınması, beynəlxalq standartlara uyğun müvafiq prosedurlardan keçirildikdən sonra ANAMA tərəfindən həyata keçirilən mina təmizləmə əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.