Cəmiyyətin İnkişafı Mərkəzinin sədri, siyasi şərhçi Əhməd Abbasbəyli Azərbaycanın gücü, ədalətin bərpası və dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirdiyi siyasət haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yalnız qlobal dialoq platforması kimi deyil, hem də yeni regional reallıqların beynəlxalq ictimaiyyətə bəyan edildiyi mühüm tribuna kimi yadda qalacaq. Prezident İlham Əliyevin forumun açılışındakı nitqi Azərbaycanın qalib dövlət olaraq müəyyənləşdirdiyi strateji yol xəritəsinin – sülh, suverenlik və milli maraqlara əsaslanan qətiyyətli mövqeyinin nümayişi oldu.
Bu çıxışın əsas mahiyyəti yalnız Azərbaycanın keçdiyi tarixi yolun təqdimatı deyil, həm də münaqişələrdən çıxışın, suverenliyin qorunmasının və dayanıqlı sülhün təmin edilməsinin mümkünlüyünə dair dünyaya ünvanlanan çağırışdır.
Azərbaycanın təcrübəsi mühüm nəticəyə gəlməyə əsas verir: sülhün möhkəm təməli beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən keçir. Azərbaycan öz ərazi bütövlüyünü BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə uyğun olaraq bərpa edərərk, ölkəmiz uzun illər davam edən münaqişənin həllində özünün beynəlxalq hüquqa söykənən haqlı mövqeyini gerçəkləşdirib.
Lakin postmünaqişə dövrünün əsas xüsusiyyəti və Azərbaycanın Zəfərdən sonrakı siyasətini fərqləndirən əsas cəhət əldə edilmiş nəticəni yalnız keçmişin yekunu kimi deyil, gələcəyin qurulması üçün imkan kimi dəyərləndirməsidir. Müharibədən sonra sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın təşviqi istiqamətində atılan addımlar göstərir ki, Azərbaycanın strateji məqsədi yalnız ərazi bütövlüyünü bərpa etməklə məhdudlaşmır, həm də regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması üçün yeni siyasi reallıqlar formalaşdırmaqdır.
Bu, ortaya qoyulan strateji yanaşmadır: Azərbaycan ədaləti və hüququ öz gücü ilə bərpa edərək qlobal miqyasda beynəlxalq hüququn işlək mexanizmə çevrilməsi nümunəsini yaratdı.
Bu gün Azərbaycanın qarşıya qoyduğu vəzifə Zəfərin siyasi nəticələrini regionda sülhə, əməkdaşlığa və təhlükəsizliyə çevirməkdir. Bakıda keçirilən Forumdan dünyaya ünvanlanan əsas mesaj aydındır: suverenliyə hörmətlə dialoq bir-birinə zidd anlayışlar deyil, Əsl siyasi güc yalnız öz hüquqlarını bərpa etməkdə deyil, həmin hüquqları qoruyaraq gələcək nəsillər üçün sülh və əməkdaşlıq mühiti yaratmaqda ifadə olunur".












