Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Vətən müharibəsinin beşinci günü — 1 oktyabrla bağlı xatirələrini bölüşür. Cəsarət Hüseynzadə həmin günləri xatırlayaraq bildirib:
"1 oktyabr 2020-ci il Vətən müharibəsinin beşinci günü-hələ qarşıda 39 günün olduğunu bilmirdik, amma bilirdik ki, bu müharibə qələbə ilə bitəcək. Adətən, müharibələrdə daha çox üzüntü olur. Amma bu müharibə Vətən müharibəsi olduğu üçün hər yerdə bayram əhval-ruhiyyəsi hökm sürürdü. Xalq bir yerdə idi", - deyə Cəsarət Hüseynzadə xatirələrindən danışmağa başlayıb.
Bəzən müharibələrdə hərbi sərkərdə yalnız döyüşlərə nəzarət edir. Amma Azərbaycanın bu haqq savaşında cənab Prezident İlham Əliyev həm sərkərdə kimi döyüşlərə rəhbərlik edir, həm də beynəlxalq siyasi arenada Azərbaycanın mövqeyini müdafiə edirdi. Onun rəhbərliyi ilə xarici diplomatiya uğurla həyata keçirilirdi. Cənab Prezident xarici mətbuat nümayəndələrinə bir neçə dildə müsahibələr verir, Azərbaycanın haqq savaşını müxtəlif dillərdə dünya ölkələrinə çatdırırdı.
Əlbəttə, 1 oktyabrı xatırlayarkən ilk növbədə telefonlarımızı və televizorları davamlı izlədiyimizi xatırlayıram. Hər dəqiqə yeni bir xəbərin gəlməsini gözləyirdik. Çünki artıq sentyabrın 27-də beş-altı kəndimiz işğaldan azad edilmişdi və bu qələbə xəbərlərini hər gün Prezidentin dilindən eşidəcəyimizə inanırdıq.
Müdafiə naziri də həmin gün 13 məlumatla çıxış etmişdi. Bu məlumatların əksəriyyətində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın müxtəlif hərbi texnikalarını məhv etməsi ilə bağlı görüntülər yer alırdı.
Xatırlayıram ki, həmin dövrdə yalnız bizim ailədə deyil, bütün ailələrdə insanlar bir yerə toplaşaraq həmin videolara baxırdılar. Hərbi Hava Qüvvələrimizin və PUA-larımızın vurduğu erməni hərbi kolonları insanlara böyük sevinc yaşadırdı. İnsanlar sevincdən qışqırırdılar. Doğrudan da, çox sevincli günlər idi.
Ən əsası, hesab edirəm ki, insanlarda böyük inam var idi. Qarşıda neçə günün olduğunu bilməsək də, Şuşanın işğaldan azad olunacağına inanırdıq. İnanırdıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq"












