Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Vətən müharibəsinin üçüncü günü — 29 sentyabrla bağlı xatirələrini bölüşüb:

 

“44 günlük Vətən müharibəsinin üçüncü gününü biz böyük qürur hissi ilə xatırlayırıq. Həmin gün artıq bütün dünya gördü ki, Azərbaycan Ordusu beşinci nəsil müharibə aparır və həmin gün Martuni motoatıcı alayı tamamilə darmadağın oldu. Dörd gün sonra biz Cəbrayılın azad olunmasını gördük. Yəni həmin gün Azərbaycan Ordusunun bütün gücü, qüdrəti açıq şəkildə göründü.

Dövlət başçımız da ön cəbhədə idi, ön xəttdə idi və Rusiyanın məşhur  60 dəqiqəlik verilişində çıxış elədi. Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı və Prezident hər zaman olduğu kimi qeyd elədi ki, biz haqq işində mübarizə aparırıq. Bu, hər birimizi qürurlandırdı, hər birimizi səfərbər etmişdi.

Biz xəritə üzərində Azərbaycan Ordusunun hərbi əməliyyatlarını izləyirdik və eyni zamanda hər birimiz də informasiya savaşında idik. Biz sosial şəbəkələrdə hər saat, hər dəqiqə ermənilərə cavab verməyə çalışırdıq və onların yalanlarını ifşa edirdik.

Bütöv bir ictimai könüllü ordusu formalaşmışdı və cənab Prezidentin apardığı informasiya siyasəti ictimai təşəbbüslərlə dəstəklənirdi. Hər kəs özünü onun mübariz əsgəri hesab edirdi və hər kəs özünü heç də müharibədə mübarizə aparan xüsusi təyinatlılardan ayırmırdı.

Həmin gün hər birimiz özümüzü tam miqyası ilə, tam ruhumuzla səngərdə hiss edirdik. Əlbəttə, həmin səngərlər yalnız Azərbaycan torpaqlarından keçmirdi. Həmin səngərlər xəritələrdən keçirdi, sosial şəbəkələrdən keçirdi, informasiya portallarından keçirdi və biz ön xəttdə ermənilərlə üzbəüz mübarizə aparırdıq.

Biz bu gün artıq ötən günləri xatırlayanda böyük bir qürur hissi keçiririk. Azərbaycan xalqının necə bir olduğunu, vahid olduğunu və doğrudan da dəmir yumruğa çevrildiyini görürük. Hər birimiz o dəmir yumruğun bir zərrəciyik. Hər birimiz həmin o dəmir yumruğun zərbə gücünə güc qatırdıq.

Nəhayət, bu dəmir yumruğun zərbəsi Azərbaycan torpaqlarını azad etdi. Suverenliyimiz tam bərpa edildi və bu gün biz hər dəfə o torpaqlara gedəndə qəhrəmanlıqlarımızı yada salırıq.

Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Onların fədakarlığı, Azərbaycan xalqının vəhdəti, birliyi imkan verdi ki, biz bu otuz beş illik işğala son qoyaq və Azərbaycan xalqı nəhayət ki, öz torpaqlarının azadlığına qovuşsun”.