"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov 27 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qarayusifli kəndinin Ermənistan ordusu tərəfindən “Smerch” tipli reaktiv yaylım atəşi sistemi ilə kasetli raketlərdən atəşə tutulması haqda açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"27 oktyabr 2020-ci il tarixdə Ermənistan ordusu tərəfindən “Smerch” tipli reaktiv yaylım atəşi sistemləri vasitəsilə 300 mm-lik kasetli raketlərdən Bərdə rayonunun Qarayusifli kəndi atəşə tutulmuşdur.
Bu hücum nəticəsində biri azyaşlı qız, üçü qadın olmaqla beş mülki şəxs həlak olmuş, 14 mülki şəxs (dörd uşaq, yeddi qadın, dörd kişi) şəxs yaralanmışdır. 20 nəfərin yaşadığı 5 evə, bir traktora ciddi zərər dəyib.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi zərərçəkənləri və həlak olanların hüquqi varislərinin hamısını müəyyən edərək onlarla görüşmüşdür.
Bizim apardığımız təhqiqat və yerli əhalidən aldığımız məlumatlar sübut edir ki, bu kəndə kasetli raketlərlə hücum zamanı zərbə endirilmiş ərazidə və ya onun yaxınlığında şəxsi heyət, hərbi texnika və ya nəqliyyat vasitələri olmamışdır".












