İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanın təhsil məsələləri ilə bağlı səsləndirdiyi fikirlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikasının təhsil siyasəti heç bir xarici dövlət rəsmisinin müzakirə və müdaxilə predmeti ola bilməz.

Azərbaycan müstəqil və suveren dövlətdir. Ölkəmizdə təhsilin təşkili, gənclərin hüquqları və cəmiyyətin inkişaf istiqamətləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında müəyyən edilir. Buna görə də xarici ölkənin nazirinin Azərbaycan gənclərinə, xüsusilə də qızların təhsilinə münasibətdə yol göstərməyə çalışması yolverilməzdir.

Azərbaycanlı gənclərin təhsil hüququ ilə bağlı əsassız və reallıqdan uzaq fikirlər səsləndirmək heç kimə əlavə üstünlük qazandırmır. Azərbaycan gənci harada və necə təhsil alacağına özü, öz ailəsi və Azərbaycan Respublikasının qanunları çərçivəsində qərar verir.

Əgər hansısa İran rəsmisi Azərbaycan gənclərinin təhsil məsələsinə bu qədər həssas yanaşırsa, onda ilk növbədə öz ölkəsində yaşayan azərbaycanlıların ana dilində təhsil, mədəni və milli hüquqları ilə bağlı problemlərə diqqət yetirməsi daha məqsədəuyğun olardı.

Biz İran xalqına hörmətlə yanaşırıq və iki qonşu ölkə arasında qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlərin tərəfdarıyıq. Lakin dostluq və qonşuluq münasibətləri heç kimə Azərbaycanın daxili işlərinə qarışmaq hüququ vermir.

Azərbaycanın gəncləri heç bir xarici paytaxtdan siyasi və ideoloji istiqamət gözləmir. Onlar öz dövlətinə, öz qanunlarına və öz gələcəyinə güvənirlər. Azərbaycanın təhsilinə kənardan dərs keçmək cəhdləri isə qətiyyən qəbul edilə bilməz.

Aysunay Həsənova
Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) sədri