Apple şirkəti iPhone istifadəçiləri üçün iOS 27.2 yeniləməsini yayımlayıb. Yeni versiyada Siri süni intellektinin imkanları genişləndirilib, Apple Music tətbiqinin interfeysi yenilənib, həmçinin iPhone Duo modelləri üçün Apple Pencil dəstəyi əlavə edilib.
Bakion-un məlumatına görə, yeniləmə Mesajlar, Podkastlar və Apple TV tətbiqlərində də bir sıra dəyişiklikləri əhatə edir. Bundan əlavə, ağıllı ev cihazlarının idarə olunması üçün yeni təhlükəsizlik seçimləri təqdim edilib.
Siri daha ağıllı olacaq
QHT.az xarici mediaya istinadən bildirir ki ,İOS 27.2 ilə Siri-nin imkanlarının genişləndirildiyi bildirilir. Yeniləmədən sonra köməkçinin əvvəlki söhbətləri xatırlayaraq daha uyğun cavablar verməsi nəzərdə tutulur.
Məqalədə qeyd olunur ki, süni intellekt Fotoşəkillər, Təqvim və Safari tarixçəsi kimi müxtəlif mənbələrdən məlumat əldə edə biləcək. Fransız, yapon, koreya, portuqal və ispan dillərinə dəstəyin əlavə edildiyi bildirilir.
İstifadəçilər xüsusi parametrlər vasitəsilə Siri-nin hansı tətbiqlərdəki məlumatlara çıxış əldə edə biləcəyini idarə edə biləcəklər.
iPhone Duo üçün Apple Pencil dəstəyi
Yeniləmənin diqqətçəkən yeniliklərindən biri iPhone Duo modelləri üçün Apple Pencil dəstəyidir. Bildirilir ki, bu funksiya yalnız USB-C bağlantılı Apple Pencil modelləri ilə uyğun olacaq.
Mənbənin məlumatına görə, peşəkar Apple Pencil modelləri hələlik bu cihazlarda dəstəklənmir. Yeni imkan istifadəçilərə telefon vasitəsilə qeyd aparmaq və rəsm çəkmək üçün əlavə seçimlər təqdim edir.
Apple Music-in dizaynı dəyişib
Apple Music tətbiqinin interfeysində də vizual dəyişikliklər edilib. Əvvəlki qırmızı rəng vurğuları əsasən qara və ağ tonlarla əvəzlənib. Seçilmiş bölmələrdə isə qırmızı əvəzinə mavi rəngdən istifadə olunur.
Dəyişikliklərin tətbiqin ikonuna və vidcetlərinin görünüşünə də təsir etdiyi bildirilir.
Mesajlar, Podkastlar və Apple TV yenilənib
Mesajlar tətbiqində yazışmaların məzmununa uyğun əməliyyat təkliflərinin təqdim edildiyi qeyd olunur. Bu imkan istifadəçilərə təqvimdə tədbir yaratmağa və xatırlatmalar qurmağa kömək edə bilər.
Podkastlar tətbiqində yeni buraxılışlar və dinləməyə davam edilən məzmun üçün ayrıca bölmələr yaradılıb. Apple TV-də isə fərdiləşdirilmiş profillər vasitəsilə istifadəçilərə baxış tarixçələrinə uyğun tövsiyələrin verilməsi nəzərdə tutulur.
Ağıllı ev cihazları üçün yeni təhlükəsizlik seçimləri
Yeniləmə çərçivəsində Ev tətbiqinə ağıllı kilidlərlə bağlı yeni nəzarət funksiyalarının əlavə edildiyi bildirilir. Bunlara qapı bağlandıqdan sonra kilidləmə və qapının açıq qalması barədə xəbərdarlıqlar daxildir.
HomePod istifadəçiləri üçün də cihazın təsadüfi toxunuşlarla aktivləşməsinin qarşısını almağa yönəlmiş yeni parametrin təqdim olunduğu qeyd edilir.
Mənbəyə əsasən, Sağlamlıq tətbiqi üçün gözlənilən genişmiqyaslı dizayn yeniləməsinin isə yaxın aylarda yayımlanması planlaşdırılır.
Mənbə: ShiftDelete, 27 oktyabr 2026-cı il.












