Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin üzvləri XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər. Sərgi çərçivəsində şairlərin şeirləri, yazıçıların yeni kitabları ilə tanış olan iştirakçılar, həmçinin əl işləri, rəsm əsərləri və gənclərin yaradıcılıq nümunələrini də izləyiblər.
Birliyin üzvləri kitab təqdimatlarında da iştirak ediblər. Təşkilatın sədri Mehriban Abdullayeva Nurəddin Ədiloğlunun “Fövqəlşair” kitabının təqdimatında çıxış edib. O, çıxışı zamanı şairin yaradıcılığına və kitablarına müraciət edərək nümunələr əsasında fikirlərini bölüşüb. Sonda Mehriban Abdullayeva şair Sabir Rüstəmxanlıya və kitabın müəllifi Nurəddin Ədiloğluna can sağlığı və yaradıcılıqlarında uğurlar arzulayıb.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi yüksək səviyyədə təşkil olunub. Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin üzvləri sərginin təşkilatçılarına təşəkkürlərini bildiriblər.












