Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova Vətən müharibəsinin ikinci günü — 28 sentyabrla bağlı xatirələrini bölüşür. Tünzalə Abduləlimova həmin günləri belə xatırlayib:
"30 ildən çox idi ki, bizim ağrılı, ağlayan Vətənimiz var idi. Şükür Allaha ki, 2020-ci ildə Prezidentimizin əmri ilə biz müharibəyə başladıq. Balalarımız sentyabrın 27-də irəli addımlamağa başladılar.
Sentyabrın 27-də müharibə başlayanda səhər tezdən mənə zəng etdilər. Dedilər ki, müharibə başlayıb. Çox çətin idi, həddindən artıq çətin idi. Mən də zəng etməyə başladım. Onda Miqdad əsgər idi. Tərtərin Suqovuşan istiqamətində döyüşürdü. Müharibənin ikinci günü, sentyabrın 28-də günorta saatlarında Miqdad bir neçə dostu ilə birlikdə şəhid olub.
Həqiqətən, çox çətindir. Şəhid anası üçün çox çətindir. Biz oğul itirdik, arzularımızı itirdik. Evimizin işıqları söndü. Amma bütün bunlara baxmayaraq, biz onunla qürur duyuruq.
Bu gün fəxr edirəm. Fəxr edirəm ki, “Bu gün bizə Qarabağı qaytarın, biz o torpağın üstündə yaşamağa hazırıq”, – deyən məcburi köçkünlər bu gün Prezidentimizin və şəhidlərimizin bizə miras qoyduğu Qarabağda gözəl evlərə, gözəl yaşayış məntəqələrinə köçürlər.
Fəxr edirəm ki, bizim Qarabağlılar yenidən Qarabağda yaşayırlar. Nə qədər çətin olsa da, fəxr edirəm ki, Birinci Qarabağ müharibəsindən bu günə qədər canından keçən bütün şəhidlərimiz, qazi balalarımız və veteranlarımız sayəsində biz bir millət olaraq bu torpaqları geri qaytara bildik.
Bununla fəxr etməyə dəyər. Bundan böyük qürur yoxdur".












