Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.
QHT.az xəbər verir ki, bu dəfə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənovanın uğur hekayəsi təqdim edilib.
Ceyran Həsənova şəhid ailələri ilə işləməyin çətinliyindən və onlara mənəvi dəstəyin vacibliyindən danışıb:
Şəhid ailələrinin mənəvi dəstəyə, xoş sözə, hörmətə, sayğıya və qayğıya ehtiyacı var. Şəhid ailələri ilə işləmək ümumiyyətlə çox ağırdır, çox çətindir. Çünki onların hər biri ilə öz dilində danışmaq, hər birinə özünə uyğun şəkildə yanaşmaq tələb olunur. O qədər həssas, zərif və incədirlər ki, onlarla ünsiyyətdə hər bir addımımızı, edəcəyimiz hər bir hərəkəti düşünməliyik və düşünürük. Yəni onlarla işləmək ağırdır.
C.Həsənovanın sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, şəhid ailələrinə dəstək olmaq üçün güc tapırlar:
Amma yenə də o gücü özümüzdə toplayırıq. Çünki biz olmasaq, onlar nə edərlər? Hərdən öz-özümə düşünürəm ki, nə yaxşı ki, bu təşkilatı yaratmışıq.
Ceyran Həsənova şəhid oğlunun məzarı yanında yaşayan bir ananın həyatından danışaraq, onun yaşadığı vəziyyətdən çıxmasına dəstək olduğunu qeyd edib:
Eşitmişdim ki, Beyləqan rayonunda bir şəhid anası oğlunun məzarının yanından heç vaxt ayrılmır. Hətta gecələr də orada yatır. Oğlu şəhid olandan sonra məzarın üzərində, demək olar ki, ev tikmişdi. Ətrafını hər tərəfdən bağlayaraq orada ev şəraiti yaratmış, hətta işıq da çəkdirmişdi. Amma qışda, yağışda, soyuqda və istidə bu valideynlər heç vaxt evə gəlmirdilər. Gecələr də orada qalırdılar. Yəni bunu özlərinə təsəlli bilirdilər.
Sədr vurğulayıb ki, şəhid ailələrinin yaşadıqları ağır psixoloji vəziyyətdən çıxmasına kömək etmək və onlara təsəlli vermək vacibdir:
Beləcə, bu ailəni həmin vəziyyətdən çıxarmağı özümə borc bildim. Belə hadisələrlə çox rastlaşırdıq, analar hətta ağlını itirəcək vəziyyətə gəlirdilər. Mən ona anlatdım ki, sənin oğlun heç vaxt istəməz ki, kimsə ona yazığı gəlsin. Sən qəhrəman oğul anasısan. Hər kəs bizə yaxınlaşaraq deyir: “Ana, başını uca tut. Ana, sən qürurlusan. Biz səninlə fəxr edirik, sənin qarşında baş əyirik. Acın bizim də acımızdır”. Yəni bu cür sözlər qarşısında ana acı çəkməməlidir.
C.Həsənova şəhid analarının başlarını dik tutmalarında cəmiyyətin və insanların mənəvi dəstəyinin böyük əhəmiyyət daşıdığını bildirib:
Ananın beli bükülməməli, başı aşağı əyilməməlidir. Onun başını həmişə dik tutması üçün cəmiyyətin də, insanların da böyük dəstəyi var.
Ceyran Həsənova təşkilatın əsas fəaliyyət istiqamətlərinin şəhidlərin xatirəsini yaşatmaq və şəhid ailələrinə hərtərəfli dəstək göstərmək olduğunu qeyd edib:
Fəaliyyətimiz genişdir. Layihələrdən kənar da çox işlər görürük. Əsas məqsədimiz şəhidlərimizi yaşatmaq, şəhid ailələrinə həm psixoloji, həm də mənəvi dəstək olmaqdır. Müəyyən problemlərin həllində də onlara dəstək göstəririk. Bununla bağlı müvafiq qurumlara təşkilatımız tərəfindən çoxsaylı müraciətlər edilib və onların əksəriyyəti müsbət həllini tapıb. Bütün bunlar fəaliyyətimizin davamlı olmasına şərait yaradır.
Sədr şəhid analarına müraciət edərək, övladlarının Vətən uğrunda canlarından keçməsinin xalq üçün böyük qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb:
Şəhid analarına ən böyük arzum və istəyim budur: əziz analar, şəhid elin, xalqın, millətin şəhididir. Oğul olaraq isə, düzdür, o, bizim övladımızdır, canımızdan, qanımızdandır.
C.Həsənovanın sözlərinə görə, şəhidlərin taleyi və onların Vətən uğrunda göstərdikləri fədakarlıq xalqın yaddaşında daim yaşamalıdır:
Onun taleyini biz yazmadıq. Onun taleyini yazan yazdı. Yəni onlar hələ ana bətnində ikən şəhidlik onların alın yazısı oldu. Qismətləri belə yazıldı və onların hər biri Vətən uğrunda canlarından keçdi.
Ceyran Həsənova şəhid övladlarının Vətənə, anaya və torpağa məhəbbət ruhunda böyüdüldüyünü bildirib:
Onları böyüdən də biz idik, tərbiyə edən də biz idik. Onlara Vətəni, ananı, torpağı sevməyi biz öyrətdik. Bu sevgi ilə böyütdük övladlarımızı. Torpaq həsrətini də biz evimizdə çəkirdik. Övladlarımız da hər zaman bizim o həsrətimizi görür, hiss edirdilər.
Sədr qeyd edib ki, şəhidlərin Vətən sevgisi ilə böyüməsi onların torpaqlarımızın azadlığı uğrunda mübarizəyə atılmasında mühüm rol oynayıb:
Hər biriniz danışanda görürük ki, elə bil bütün şəhidləri eyni ana böyüdüb, hamısı eyni ailədə böyüyüblər. Bax, oğullar bu sevgi ilə böyüdülər. Elə həmin sevgi ilə də “Vətən sağ olsun!” deyərək önə atıldılar, Vətəni qorumağa getdilər və Vətəni azad etdilər.
C.Həsənova Azərbaycanın ərazi bütövlüyünün bərpasının xalqın ən böyük arzularından biri olduğunu və bu yolda şəhidlərin xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb:
Xalq olaraq hamımızın yeganə arzusu Azərbaycanın bütöv olması idi. Bu gün Azərbaycanımız bütövdür. Ona görə də sizin oğullarınıza minnətdarıq.
Ceyran Həsənova torpaqlarımızın işğaldan azad edilməsində şəhidlərin, qazilərin, ordunun və Prezidentin rolunu xüsusi qeyd edib:
Bütün şəhidlərimizə, xalqımızın qəhrəman qazilərinə, oğullarına və şanlı ordumuza minnətdarıq. Möhtərəm Prezidentimizə də minnətdarıq ki, onun həyata keçirdiyi güclü siyasət, şanlı ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımız işğaldan azad olundu.
Sədr gənclərə müraciət edərək, xalqımıza qarşı törədilmiş faciələrin unudulmamasının vacibliyini diqqətə çatdırıb:
Gəncliyimizə arzum və istəyim budur ki, düşmənin bizə qarşı etdiklərini, xalqımıza yaşadılan faciələri heç vaxt unutmasınlar. Nifrət hissi aşılamaqdan danışmıram, amma unutqanlıq da olmasın. Çünki unutqanlıq hər zaman bizi məğlubiyyətə apara bilər.












