Bakı şəhərinin bəzi iaşə obyektlərindən çıxan tüstü və kəskin qoxular sakinlər arasında narahatlıq doğurur. Təəssüf ki, bəzi obyektlərdə havanın təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğular yoxdur. Elə obyektlər varki orda nəzərdə tutulan qurğular standartlara cavab vermir və yaxud düzgün quraşdırılmır.
Digər obyektlərdə isə filtir sistemi nəzərdə tutulan vaxta dəyişdirilmədiyindən bacalardan çıxan tüstü atmosferə yayılır. Ən dəhşətlisi isə heçbir təmizləyici avadanlığı olmayan və şəhərimizin havasını çirkləndirən iaşə obyektləridi. Sual yaranır mövcud qanunlar, ekoloji tələblər və nəzarət niyə bütün obyektlərdə eyni səviyyədə tətbiq olunmur? İaşə obyektləri gəlir əldə etmək məqsədi daşıyırsa da, bu, ətraf mühitin çirkləndirilməsi hesabına olmamalıdır.
Aidiyyatı qurumlar bu sahədə ciddi nəzarət mexanizmlərini həyata keçirməli, mövcud ekoloji norma və tələblərin pozulmasına qarşı qanunvericiliyə uyğun tədbirlər həyata keçirməlidirlər. Qanun yalnız kağız üzərində qalmamalı, praktikada da işləməlidir. Bakı sakinləri tüstülü və çirkli hava ilə nəfəs almağa məhkum deyillər.
Konstutsiyamızın 39-cu maddəsində təsbit olunduğu kimi “hər kəsin sağlam ətraf mühitdə yaşamaq, sağlamlığına və əmlakına dəymiş zərərin əvəzini almaq hüququ vardır. Vəzifəsindən asılı olmayaraq heçkəs ətraf mühitə qanunla müəyyən edimiş hədlərdən artıq təhlükə törədə və zərər vura bilməz”.
Xatırladım ki, vətandaşlarımız bu qanunları bilməli və lazımi məqamlarda öz hüquqlarını tələb etməlidirlər.
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev












