Cəmiyyətin İnkişafı Mərkəzinin sədri, siyasi şərhçi Əhməd Abbasbəyli İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrəfin azərbaycanlı qızların İranda təhsil alması ilə bağlı açıqlamaları və bu açıqlamaların Azərbaycan–İran münasibətləri, təhsil hüquqları və milli kimlik kontekstində qiymətləndirib.
QHT.az həmin fikirləri təqdim edir:
"İran rəsmilərinin Azərbaycanlı qızların təhsili ilə bağlı son açıqlamaları bir sıra mühüm suallar və hiddət doğurur, ölkə ictimaiyyətini ciddi narahat edir.
Belə ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrəf hicablı Azərbaycanlı qızları guya ki, İran universitetlərində təhsil almağa dəvət etməsini, əlbəttə ki, yalnız onların dini inanclarına dəstək kimi, humanitar təşəbbüs kimi qiymətləndirmək və ya xeyirxahlıq kimi qəbul etmək üçün ya hədsiz sadəlöhv, ya da savadsız, abdal olmaq laızmdır.
Təbii ki, bu cür təxribatçı və təbliğat xarakterli çağırışlar Azərbaycan ictimaiyyətində haqlı olaraq sərt etirazla qarşılanmışdır. İlk növbədə bu cür addımlar həm diplomatik etika çərçivəsindən kənara çıxır, həm də suveren dövlətin daxili işlərinə açıq müdaxilə cəhdi kimi qiymətləndirilir.
İran rəsmiləri, və onlara biyyət edən, əl çalıb dəstəkləyənlər bilməlidirlər ki, ilk növbədə Azərbaycan Respublikası dünyəvi, demokratik və hüquqi dövlətdir. Ölkəmizdə təhsil sisteminin tənzimlənməsi, məktəb nizam-intizamı, o cümlədən geyim qaydaları daxili qanunvericiliyə və ümumbəşəri dəyərlərə əsasən müəyyən edilir.
İkincisi, İran tərəfinin guya "təhsil hüququnu müdafiə etmək" bəhanəsi ilə səsləndirdiyi bəyanatlar tamamilə riyakar xarakter daşıyır və ikili standartların bariz nümunəsidir. Tarixə və mövcud reallıqlara nəzər salsaq görərik ki, İranda milyonlarla soydaşımız – etnik azərbaycanlılar illərdir öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar. Öz ana dilində məktəbi, təhsil ocağı olmayan, milli və mədəni hüquqları ardıcıl olaraq məhdudlaşdırılan milyonlarla azərbaycanlının hüquqlarını görməzdən gələn bir rejimin başqa ölkənin vətəndaşlarına "təhsil qayğısı" göstərməsi absurd və gülüncdür. Öncə öz ölkəsindəki azlıqların, o cümlədən on milyonlarla azərbaycanlının təməl insan və dil hüquqlarını təmin etməyən rəsmi Tehranın başqa ünvanlara dərs keçmək iddiası heç bir məntiqə sığmır.
Gözəl bir atalar sözümüz var “Utanmasan oynamğa nə var ki?”. Əsl səmimiyyət başqalarına dərs verməkdə deyil, öz ölkəndə mövcud olan ədalətsizliyi aradan qaldırmaqdadır.
Anlamaz üçün bir daha təkrar edirəm: İran rəsmiləri Azərbaycanlı qızların təhsil hüququ barədə danışmazdan əvvəl öz ölkələrində Cənubi Azərbaycanda milyonlarla soydaşımızın ana dilində təhsil almaq hüququna da eyni prinsipiallıqla yanaşmalıdırlar. Çünki ana dilində təhsil kiminsə siyasi maraqlarından asılı olan imtiyaz deyil, fundamental hüquqdur. Bu hüququ öz vətəndaşlarına tam şəkildə tanımayanların başqa ölkədə təhsil və hüquq məsələlərini siyasi müzakirə predmetinə çevirməsi ikiüzlülük, həddini aşma və başqa dövlətin işinə qarışmanın bariz nümunəsidir.
Hazırda İran üçün əsas göürüləsi iş, Azərbaycana nə tövsiyə etməsi deyil, öz ərazisində yaşayan azərbaycanlıların milli kimliyinə, ana dilinə və təhsil hüququna necə yanaşmasıdır.Əks halda, bu cür bəyanatlar universal təhsil hüquqlarının müdafiəsindən daha çox, siyasi ritorika və ikili standartlar təəssüratı yaradacaq.












