Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Kəlağayı Ev Muzeyinin təşkilatçılığı ilə "Kəlağayım millidir, butalıdır, güllüdür" adlı ədəbi-mədəni tədbir keçirilib.
Tədbirin açılış nitqi ilə çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı Azərbaycan kəlağayısının xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və zəngin mədəni irsini özündə yaşadan müqəddəs bir rəmz olduğunu vurğulayıb. O, kəlağayının təkcə milli geyim nümunəsi deyil, həm də tariximizi, adət-ənənələrimizi və estetik dünyagörüşümüzü gələcək nəsillərə çatdıran qiymətli irs olduğunu qeyd edib.
Güllü Eldar Tomarlı rəhbərlik etdiyi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyi tərəfindən bu sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər, nəşr olunan kitablar və görülən maarifləndirmə işləri barədə məlumat verərək, milli-mədəni irsimizin qorunması və geniş təbliğinin hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.
Sonra Sənaye və Texnologiya Kollecinin müəllimi, milli geyimlərimizin təbliğatçısi İlahə Nuriyeva Azərbaycan kəlağayısının milli-mənəvi dəyərlərimiz içərisində xüsusi yeri, onun tarixi, zəngin ənənələri, UNESCO tərəfindən bəşəri qeyri-maddi mədəni irs nümunəsi kimi tanınması, eləcə də milli kimliyimizin və mədəni irsimizin qorunmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verib.
Tədbirdə şair Səringül Sadə, rəssam Pərvanə Hüseynli, Sənaye və Texnologiya Kollecinin tələbələri, İB- in üzvü Mədinə Əliyeva, Amerikadan olan qonaq Lauren Barron, ağbirçək Səidə ana çıxış edərək kəlağayının Azərbaycan xalqının milli sərvəti olduğunu, onun qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Çıxışlarda kəlağayının xalqımızın adət-ənənələrində, məişətində, folklorunda və incəsənətində tutduğu xüsusi yer, milli geyim mədəniyyətimizin ayrılmaz hissəsi olması, həmçinin bu irsin təbliği istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib.
Tədbir çərçivəsində kəlağayı mövzusunda nəşr olunmuş kitablar təqdim edilib, milli dəyərlərimizi əks etdirən fikir və çağırışlar səsləndirilib. İştirakçılar tədbiri böyük maraqla qarşılayaraq milli-mədəni irsimizin yaşadılması və təbliği istiqamətində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.












